- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 04.08.2024 07:48
Paris 2024 Yay Olimpiya Oyunlarından ölkəyə Olimpiya Çempionu kimi qayıdan Hidayət Heydərov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə müsahibə verib.
APA həmin müsahibəni təqdim edir:
Rəqiblə qarşılaşmada nələr çatışmırdı? Yəni belə bir şey var idimi?
Qarşılaşmanı sonradan izləmədim. Amma videoçarxlardan görürdüm həmin epizodu. Həqiqətən çox gözəl idi. O qədər şokda idim ki, çempion olmağıma heç sevinə də bilmədim.
Ən böyük dəstəkçilərin kimlər idi?
Mən buradan bütün Azərbaycan xalqına öz təşəkkürümü bildirirəm ki, çox böyük dəstək oldular. Başda cənab prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya da təşəkkürümü bildirirəm ki, zəng edib məni təbrik etdilər. Həmçinin Azərbaycan Cüdo Federasiyasına da öz təşəkkürümü bildirirəm ki, mənim üçün hər cürə şəraiti yaratdılar. Elnur Məmmədliyə də təşəkkür edirəm ki, 14 ay boyunca əl-ələ verib məni dünya, Avropa və olimpiya çempionu etdi.
Qarşıda daha hansı planlar var?
Qarşıda əlbəttə ki, Los-Ancelesdə keçiriləcək 2028 Yay Olimpiya oyunları var. Ona qədər də bir çox dünya və Avropa çempionatları olacaq. Təbii ki, qısa bir fasilədən sonra arenalara qayıdacam.
Azərbaycanda indiyə qədər Olimpiya növlərində ikinci dəfə çempion olan olmayıb. Bunu necə etməyi planlaşdırırsan?
Bəli ikinci dəfə olimpiya çempionu olmaq istəyirəm. Bunun üçün də əlimdən gələni edəcəm.
Olimpiya çempionu olmaq istəyənlərə nə məsləhət verərdin?
Ümumiyyətlə təkcə cempion olmaqda yox hər bir işdə insanların o şeyi ürəkdən istəmələrini məsləhət görərdim. Çünki bir şeyi ürəkdən istəyəndə o şey əvvəl-axır olacaq.