Azərbaycanda dövlətə məxsus hüquqi şəxslər Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə inteqrasiya olunub

Tarix: 05.08.2024 15:57

Azərbaycanda “Kağızsız hökumət”ə keçid çərçivəsində bütün dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, eyni zamanda dövlət adından yaradılan publik hüquqi şəxslər Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə inteqrasiya olunub.

Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib.

Artıq sözügedən qurumlarda sənəd mübadiləsi real vaxt rejimində və təhlükəsiz formada rəqəmsal olaraq aparılacaq. Bu inteqrasiya inzibati prosesləri sadələşdirmək və əməliyyat səmərəliliyini artıraraq kağızdan istifadəni minimuma endirmək məqsədi daşıyır.

Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi qabaqcıl texnologiyalardan maksimum səviyyədə istifadə etməklə, daha səmərəli və şəffaf rəqəmsal hökumətin qurulmasında mühüm addımdır. Həmçinin, Azərbaycanın nüfuzlu beynəlxalq tədbir olan COP29-a ev sahibliyi etdiyi dövrdə ətraf mühitə və ekoloji dayanıqlılığa müsbət təsirləri ilə önəmli məqamları özündə daşıyır. "Kağızsız hökumət"ə uğurlu və sürətli keçid üçün bütün dövlət qurumlarının rəqəmsal altsistemə inteqrasiya prosesində fəal iştirakı önəmlidir.

Qeyd edək ki, Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il tarixli 2279 nömrəli Fərmanına əsasən, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən hazırlanaraq istismara təqdim edilib. Sözügedən fərmanın icrası çərçivəsində bu günə qədər dövlət orqanları və tabeli alt qurumlar da nəzərə alınmaqla, altsistemə 1400-dən çox qurum inteqrasiya olunub. Rəqəmsal Sənəd Dövriyyəsi altsistemindən istifadə etməklə qurumlar arasında ümumilikdə aylıq olaraq 500 mindən çox sənəd dövr edir ki, bununla da istifadə olunan kağızın həcminə qeyd olunan sayda qənaət edilir.

Xəbər Lenti