- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 10.08.2024 07:30
Milli Məclisə seçkilərlə əlaqədar hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi prosesi sabah başa çatacaq.
APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 46.6-cı maddəsinə əsasən, məntəqə seçki komissiyaları (hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisəsi rəhbərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında) səsvermə gününə azı 20 gün qalanadək hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsini təmin etməlidir.
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il avqustun 12-dək olan dövrü əhatə edir.