- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 12.08.2024 16:23
47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən deputatlığa namizəd Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürovun APA-ya müsahibəsi
– Zaur bəy, növbədənkənar parlament seçkilərində namizədliyinizi irəli sürmüsünüz. Necə oldu ki, diplomatik fəaliyyəti Milli Məclis üzvlüyünə dəyişməyə qərar verdiniz?
– Hesab edirəm ki, hazırda bununla bağlı fikir bildirmək üçün çox tezdir. Seçiləcəyim təqdirdə bu məsələyə qayıtmaq, bununla bağlı fikir bildirmək daha doğru olardı.
- Artıq bir müddətdir ki, Azərbaycanda seçki kampaniyasına start verilib. Kampaniyanın gedişini necə dəyərləndirirsiniz?
– Əlbəttə, biz də öz növbəmizdə seçkiqabağı təşviqat kampaniyası keçiririk. Kampaniya çərçivəsində keçirilən görüşlərdən belə qənaətə gəlmək olar ki, seçicilər deputatlığa namizəd olan şəxslə görüşlərə həvəslə qatılırlar və təmaslar interaktiv formada baş tutur. Ümidvaram ki, onlar 1 sentyabrda, yəni səsvermə günündə də bu cür fəallıq nümayiş etdirəcəklər.
– Deputat xalqın, diplomat isə dövlətin təmsilçisidir. Sizcə, hansı daha səmərəli fəaliyyətdir?
– Məlumat üçün bildirim ki, 25 ilə yaxın müddətdir ki, diplomatik xidmətdə fəaliyyət göstərirəm. Bu dövr ərzində Azərbaycan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında müxtəlif vəzifələrdə – şöbə müdiri, idarə rəisinin müavini, idarə rəisi, nazirin köməkçisi kimi postlarda çalışmışam. Eyni zamanda, Azərbaycanın Polşa, Belarus, Macarıstandakı səfirliklərində müşavir (missiya rəhbərinin müavini), hazırda isə ölkəmizin Cənubi Afrika Respublikasındakı səfirliyində müvəqqəti işlər vəkili diplomatik missiyanın rəhbəri vəzifəsində çalışıram.
Fikrimcə, hər iki fəaliyyət çərçivəsində dövləti təmsil etdiyimiz qədər xalqı da təmsil etmək mümkündür. Diplomat dövlətin təmsilçisi olmaqla yanaşı, eyni zamanda da, xalqın təmsilçisidir, çünki xarici dövlətlərdə çalışan bir diplomat dövlətimizin maraqlarını təmsil edərkən xalqımızın haqq səsini ali kürsülərdən fəaliyyət göstərdiyi ölkənin yerli ictimaiyyətinə çatdırmaq istiqamətində işlər görür.
Diplomatik xidmətdə çalışdığım 25 ilə yaxın dövrdə ölkəmizin zəngin tarixi-mədəni irsi, "Qan yaddaşı"mız, Azərbaycan həqiqətləri barədə məlumatların və doğma Vətənimizin haqq səsinin fəaliyyət göstərdiyim ölkələrin yerli ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparmışam. Bununla yanaşı, çalışdığım ölkələrdə yaşayan Azərbaycan icması və diaspor nümayəndələri ilə sıx əlaqədə olaraq onların qaldırdığı məsələləri daim diqqətdə saxlamış və vəzifə səlahiyyətlərimə və qanunvericiliyə uyğun həlli istiqamətində davamlı dəstək göstərmişəm.