Sumqayıtda qumbara partlayıb, 66 yaşlı kişi ölüb, partlayış olan mənzildə 3 mərmi tapılıb - FOTO - YENİLƏNİB-1

Tarix: 16.08.2024 13:01

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində, beşmərtəbəli yaşayış binansının 3-cü mərtəbəsində yerləşən mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Partlayış baş vermiş mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin meyiti aşkar edilib.

Mənzildə aşkar edilmiş döyüş tətbiqinə yararlı 3 ədəd 23 mm-lik mərmi Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb. Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

11.57

Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

***

11.14

Sumqayıtda partlayış olub.

APA-nın xəbərinə görə, hadisə 8-ci mikrorayon ərazisində, 27 A ünvanındakı yaşayış binasında qeydə alınıb.

Orada olan bir nəfərin əlində qumbara partladığı və həmin şəxsin öldüyü bildirilir.

Xəbər Lenti