“Dublyajların dili monitorinq aynasında” adlı tədbir keçirilib

Tarix: 24.09.2024 11:33

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Dublyajların dili monitorinq aynasında” adlı tədbir keçirilib.

APA xəbər verir ki, dublyaj filmlərinin növbəti monitorinq nəticələrinin təqdim edilməsi və bu sahədə mövcud problemlərin müzakirəsi məqsədilə təşkil olunmuş tədbirdə Azərbaycan Televiziyasının Buraxılış və analitik şöbəsinin tədris hissə koordinatoru İbrahim Qurbanov, Real Televiziyasının proqram departamentinin rəhbəri Kamran Qasımov, Azərbaycan Dram Teatrının aktyoru Xalq artisti Sabir Məmmədov, dublyaj aktyoru Əməkdar artist Nəcibə Hüseynova, Sumqayıt Dram Teatrının aktyoru Əməkdar artist Cəlal Məmmədov, televiziya kanallarının dublyaja məsul nümayəndələri, tərcüməçilər və digər qonaqlar iştirak edib.

Mərkəzin direktoru professor Sevinc Əliyeva giriş nitqində tədbirin keçirilməsində başlıca məqsədin monitorinq zamanı aşkarlanan dil qüsurlarının təqdim edilməsi, onları əmələ gətirən səbəblərin müəyyənləşdirilməsi və mövcud nöqsanların aradan qaldırılması istiqamətində müzakirələrin aparılması olduğunu vurğulayıb.

Professor Sevinc Əliyeva bildirib ki, filmlər aid olduğu xalqın dil, bədii təfəkkür və yaradıcılığını əks etdirdiyindən dillər və mədəniyyətlər arasında fərqlər nəzərə alınmadıqda mətnin hərfi tərcüməsi özünü doğrultmur. Məhz bu səbəbdən tərcümə ilə məşğul olan şəxsin hər iki dili, xüsusən də dilin xüsusi qatını təşkil edən frazeoloji birləşmələri mükəmməl bilməsi, dillərin qrammatik quruluşuna dərindən bələd olması olduqca vacibdir. Bu sahədəki mövcud problemlərə də toxunan Sevinc Əliyeva mənbə dildəki mənanın təhrif edilməsi, səsləndirmə zamanı orfoepiya qaydalarına riayət olunmaması, bəzən məişət üslubuna yaxın ifadələrin işlədilməsi hallarını da qeyd edib.

Mərkəzin aparıcı mütəxəssisi Günel Hacıyeva monitorinqin nəticələrini təqdim edərək Monitorinq zamanı dublyaj filmlərində qeydə alınan norma pozuntuları faktlarını əyani şəkildə iştirakçılara təqdim edib.

G.Hacıyeva həmin nöqsanları geniş şərh edərək müvafiq izahını verib.

Müzakirələr zamanı qonaqlar dublyajla bağlı tələblər və tərcümə zamanı diqqət edilməsi vacib olan məqamlara aydınlıq gətirilib.

Aparılan müzakirələrin yekunu olaraq dublyajlarda ədəbi dil normalarının tətbiqində boşluqların aradan qaldırılması üçün praktik təkliflər irəli sürülməklə Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlı tövsiyələr verilib.

Xəbər Lenti