Azərbaycanda “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” hazırlanacaq

Tarix: 10.12.2025 22:24

Azərbaycanda “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın hazırlanması və tətbiqi, özəl sektorun iqtisadi fəaliyyətinin rəqəmsal transformasiyasına dair dəstək mexanizmlərinin təqdim edilməsi nəzərdə tutulub.

"APA-Economics" xəbər verir ki, bu, "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiyası"nda öz əksini tapıb.

Sənədə əsasən, 2026-2029-cü illərdə azı 10 müəssisənin dəstək mexanizmindən faydalanması, ən azı 12 müəssisənin rəqəmsal transformasiya üzrə dəstək alması və resurslara çıxış imkanlarının genişlənməsi, qeyri-neft iqtisadiyyatı üzrə göstəricilərdə rəqəmsal iqtisadiyyatın payının davamlı yüksəlməsi hədəf olaraq müəyyən edilib.

Proqramın məqsədi kiçik və orta biznes subyektlərinin (KOB) və iri müəssisələrin rəqəmsal transformasiya prosesini dəstəkləmək, qrantlar və güzəştli kreditlər vasitəsilə maliyyə imkanlarını genişləndirməkdir. Beynəlxalq təcrübədə Sinqapurun “Go Digital” proqramı nümunə kimi götürülür, bu proqram çərçivəsində 18 min KOB-un rəqəmsallaşması təmin edilmiş, məhsuldarlıq göstəricilərində 3 faiz artım qeydə alınmışdır. Oxşar modelin tətbiqi nəticəsində Azərbaycanda müəssisələrin rəqəmsal transformasiyası sürətlənəcək, məhsuldarlıq və əlavə dəyər artacaqdır.

Əşrəf Mehdiyev proqram strategiya

Xəbər Lenti