Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi, Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi və daha 4 nəfər qaçaqmalçılıq və digər ittihamlarla həbs olunub - YENİLƏNİB

Tarix: 11 Dec 2025 14:08

Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində həbs olunub.

APA-nın əldə etdiyi məlumata görə, Rəşad Daşdəmirov və Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov barəsində məhkəmənin qərarı ilə 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlara Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.

İş üzrə dəymiş ziyanın həcminin 5 milyon manatdan çox olduğu ehtimal edilir.

Rəşad Daşdəmirovun Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğlu olduğu bildirilir.

***

13.50

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi və daha bir neçə nəfər qaçaqmalçılıq və digər ittihamlarla həbs olunub.

APA-nın əldə etdiyi məlumata görə, ümumilikdə 6 nəfər bir sıra cinayətlərdə, o cümlədən, qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Onlardan Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov və digər bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

***

13.07

Dövlət Gömrük Komitəsinin əməkdaşı həbs olunub.

APA-nın xəbərinə görə, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiq ediblər. Məlumata görə, Fərid Usubov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda zəruri istintaq tədbirləri icra olunur. İctimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fərid Usubovun saxlanılması barədə ilkin olaraq gununsesi.info məlumat yayıb.

Fərid Usubovun uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş, general-leytenant Cəbrayıl Usubovun oğlu olduğu bildirilir.

Dövlət Gömrük Komitəsi vəzifəli şəxs həbs Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi

Xəbər Lenti