Çərşənbə axşamı, 16 Dekabr, 2025
Tarix: 16 Dec 2025 17:35
Dünya İdman Paytaxtı titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib. Bununla da Azərbaycan paytaxtı 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olunub. Bakı şəhəri beynəlxalq idman ictimaiyyəti üçün əlamətdar bir status qazanaraq 2026-cı il üzrə “Dünya İdman Paytaxtı” adına layiq görülüb.
APA xəbər verir ki, bu münasibətlə dövlət rəsmilərinin və Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) nümayəndələrinin iştirakı ilə Dünya İdman Paytaxtları xatirə lövhəsinin rəsmi imzalanma mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ACES-in prezidenti Gian Francesco Lupattelli, ACES-in baş katibi Hugo Alonso Castanon, həmçinin Monako Knyazlığının sabiq təhsil, gənclər və idman naziri Isabelle Claude Aline Bonnal iştirak ediblər.
Qeyd edək ki, ACES Brüsseldə yerləşən qeyri-kommersiya assosiasiyasıdır və hər il müxtəlif qitələrdən olan şəhərlərə “İdman Paytaxtı” və digər idman sahəsi üzrə mükafatlar təqdim edir. Bu titul və mükafatlar etik prinsiplər əsasında verilir və cəmiyyətin sosial inteqrasiyasına, psixo-fiziki rifahına, eləcə də həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. ACES eyni zamanda Avropa Komissiyasının Avropa İdman Həftəsinin rəsmi tərəfdaşı və UNESCO-nun əməkdaş təşkilatıdır.
İlkin Naib Bakı idman Monako




