Tanınmış qiraətçi Nadir Hüseynov sükan arxasında vəfat edib, sərnişini xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Tarix: 17 Dec 2025 14:23

14.12.2025-ci il tarixində saat 11:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Nadir Hüseynovun həkiməqədər ölüm faktı qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan digər şəxs (qadın) travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

***

12:26

Tanınmış bədii qiraətçi, professor, Əməkdar müəllim Nadir Hüseynov vəfat edib.

Bu barədə APA-ya aktyor Nofəl Vəliyev məlumat verib.

Onun sözlərinə görə, Nadir Hüseynovun sükan arxasında ürəyi dayanıb, daha sonra avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qeyd edək ki, o, 1952-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

1975-ci ildə Leninqradda keçirilən ümumittifaq bədii qiraətçilər müsabiqəsinin diplomantı olub. Sonrakı illərdə N. Hüseynov müxtəlif televiziya verilişlərinin, yubileylərin və tədbirlərin aparıcısı kimi çıxış edib. Xüsusilə Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Ozan” folklor toplusu verilişinin aparıcısı kimi tanınıb.

O, uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris edirdi.

Allah rəhmət eləsin.

İlkin Naib

Xəbər Lenti