“Bibiheybət” zavodunun təmir portfeli Bakı Gəmiqayırma Zavoduna köçürülür

Tarix: 17 Dec 2025 16:08

Azərbaycanda son illərdə faydalı istismar müddətini başa vurduğundan və bununla müştərisi olmadığından bir sıra gəmilər istismardan çıxarılıb. Mütəmadi şəkildə aparılan qiymətləndirməyə uyğun olaraq, köhnə gəmilərin istismardan çıxarılması səbəbilə balansda olan gəmi sayının əvvəlki illərə nisbətən aşağı düşəcəyi gözlənilir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) “APA-Economics”ə verilən məlumata görə, optimal gəmi sayı üçün tələb olunan təmir işlərinin həcmi ASCO-nun strukturunda olan gəmi təmiri zavodlarının da optimallaşdırılmasını zəruri edir.

Eyni zamanda, ölkəmizdə hazırda dövlətə məxsus 3 gəmi təmiri və tikintisi zavodunun fəaliyyət göstərməsi, bu zavodların əsas sifarişçisinin ASCO olması gəmi təmiri xidmətlərinin optimallaşdırılması məsələsinə hər 3 zavod prizmasından baxılmasına zərurət yaradır. Bununla əlaqədar, uzunmüddətli gəmi təmiri tələbatı təhlil olunmuş və bu tələbatın qarşılanması imkanları qiymətləndirilmişdir. Təhlil və qiymətləndirmələr nəticəsində gəmi təmiri tələbatının qarşılanması üçün 2 zavodun kifayət edəcəyi müəyyən olunmuşdur.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun son illərdə daha çox investisiya qoyuluşları edilərək texniki vəziyyətinin yaxşılaşdırılması və istehsalatın modernləşdirilməsi, “Bibiheybət” GTZ-də isə bundan sonra əlavə kapital qoyuluşlarına ehtiyacın olması, bunlarla yanaşı ölkədə təmir və tikinti işlərini təmin edə bilən Bakı Gəmiqayırma Zavodu (BGZ) kimi müasir zavodun mövcudluğu nəzərə alınaraq, “Bibiheybət” GTZ-nin təmir portfelinin BGZ-yə köçürülməsi/relokasiyası optimal təklif kimi müəyyən olunmuşdur.

Təbii ki, bu proses zamanı zavodda çalışan əməkdaşlarımızın hüquqları və mövcud iş yerləri tam nəzərə alınacaq, onlara uyğun imkanlar yaradılacaqdır. Bununla bağlı ASCO rəhbərliyi də işçilərlə görüş keçirib, onların narahatlıqlarını dinləyib və diqqətlərinə çatdırıb ki, heç bir işçi bu proses zamanı ixtisara məruz qalmayacaq, hər bir addım şəffaf şəkildə həyata keçiriləcəkdir.

Emil İsmayılov ASCO Bakı Gəmiqayırma Zavodu

Xəbər Lenti