Çərşənbə, 17 Dekabr, 2025
Tarix: 17 Dec 2025 17:41
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə bu gün Azərbaycanın innovasiya ekosistemində ən mühüm hadisələrdən biri olan “IDDA Awards” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.
“APA-Economics” xəbər verir ki, tədbirdə innovasiya ekosisteminin 200-ə yaxın oyunçusu ilə yanaşı, startaplar, böyük şirkətlərin və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Bu il müsabiqəyə 8 fərqli nominasiya üzrə ümumilikdə 162 müraciət daxil olub. Onlardan 119 müraciət ictimai səsvermə mərhələsinə keçib və sonda hər nominasiya üzrə 5 finalçı münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Tədbirin rəsmi hissəsində İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli, eləcə də İnvestisiya və miqyaslaşma şöbəsinin müdiri Ağahüseyn Əhmədov çıxış edərək ölkədə innovasiya və rəqəmsal transformasiya sahəsində görülən işlər, ekosistemin inkişaf perspektivləri və “IDDA Awards”un bu prosesdə rolu barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, “IDDA Awards” Azərbaycanda innovasiyaların təşviqinə, startaplar tərəfindən yaradılan qabaqcıl texnoloji həllərin tanıdılmasına və innovativ layihələrin həm dövlət, həm də özəl sektorda tətbiqinin stimullaşdırılmasına xidmət edən mühüm platformadır. Müsabiqə iştirak edən və xüsusilə də qalib olan layihələr üçün ekosistemdə tanınmaqla yanaşı, şəbəkələşmə və yeni tərəfdaşlıqların qurulması baxımından geniş imkanlar yaranır.
Əşrəf Mehdiyev İnnovasiya ekosistem mükafat İRİA