Fərid Osmanov: Bu il innovasiya ekosisteminin quruculuğu istiqamətində bir sıra tədbirlər keçirilib

Tarix: 17 Dec 2025 17:02

“IDDA Awards” müsabiqəsi 4 ildir ki, keçirilir və bu 4 il ərzində müvafiq mükafatlandırma prosesinə 500-ə yaxın iştirakçı qatılıb, müvafiq yerlərə və nominasiyalar üzrə yerlərə layiq görülüb. “APA-Economics” xəbər verir ki, bunu müsabiqənin mükafatlandırma tədbirində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə heyətinin sədri Fərid Osmanov deyib. O qeyd edib ki, cari ildə həyata keçirilən bu tədbir innovasiya sistemi tərəfindən də böyük maraqla qarşılanıb və bu il ərzində 4 ay davam edən nominasiyalar prosesi çərçivəsində artıq 162 müraciət qeydə alınıb:

“Bu 162 müraciət üzrə 58 mindən artıq vətəndaş tərəfindən açıq ictimai səsvermə həyata keçirilib və bugünkü tədbir çərçivəsində də məhz mükafatlar üzrə müvafiq yerlər elan ediləcək”.

F.Osmanov deyib ki, bu il innovasiya ekosisteminin quruculuğu istiqamətində bir sıra tədbirlər həyata keçirilib: “Xüsusilə infrastruktur tədbirləri cari il ərzində innovasiya mərkəzlərinin şaxələndirilməsi istiqamətində tərəfimizdən dəstəklənib. Bakıda və regionlarda da startapların ideyadan real həll mərhələsinə qədər olan zəncirinin dəstəklənməsi məqsədilə ali təhsil müəssisələri ilə birgə müvafiq innovasiya mərkəzləri yaradılıb və bu məkanlar bu gün artıq aktiv şəkildə insanların toplaşma nöqtələrinə çevrilib”.

F.Osmanov bildirib ki, bu istiqamətdə insan kapitalının formalaşdırılması çox mühüm bir elementdir: “Bu məqsədlə bir çox proqramlar həyata keçirilib. Ötən müddət ərzində 10 mindən artıq gənc agentliyin həyata keçirdiyi təlim proqramlarından yararlanıb və bu proses bu gün də davam edir. Hazırda da aktuallığını qoruyan və müraciətlərin toplandığı təhsil proqramlarımız mövcuddur ki, bunlar təhsil universitetləri və digər təhsil ocaqları ilə birgə həyata keçirilir. Cari il ərzində maliyyə ekosisteminə çıxışın təmin edilməsi, maliyyə vəsaitlərinə əlçatanlığın artırılması və fondların yaradılması istiqamətində də fəaliyyətlər həyata keçirilib”.

Əşrəf Mehdiyev IDDA Awards İRİA

Xəbər Lenti