Cümə axşamı, 18 Dekabr, 2025
Tarix: 17 Dec 2025 19:56
“Müharibələrin xarakteri dəyişib”.
APA xəbər verir ki, bunu müdafiə sənayesi naziri Vüqar Mustafayev "Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı: 20 illik inkişaf yolu" adlı tədbirdə deyib.
Nazir bildirib ki, müasir dövrdə müdafiə sənayesi artıq yalnız silah və hərbi texnika istehsalı ilə məhdudlaşmır, elmi-texnoloji inkişafın, insan kapitalına yatırılan sərmayələrin və milli iqtisadiyyatın mühüm tərkib hissəsinə çevrilib.
O qeyd edib ki, son 20 ildə iqtisadi cəhətdən güclənən Azərbaycan bu sahədə milli maraqlara əsaslanan, müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub.
Vüqar Mustafayev Prezident İlham Əliyevin müdafiə sənayesi ilə bağlı müəyyən etdiyi hədəflərə toxunaraq, cənab Prezidentin bu sahədə yüksək texnologiyaların tətbiqi və milli istehsal potensialının artırılması ilə bağlı verdiyi tapşırıqların Nazirliyin bütün struktur bölmələrində fəaliyyətin səmərəliliyini artırdığını diqqətə çatdırıb.
Nazir müasir müharibələrin xarakterinin dəyişdiyini qeyd edərək XXI əsrdə döyüş meydanında pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar, süni intellekt əsaslı idarəetmə sistemləri, elektron müharibə və kiberməkanın həlledici rol oynadığını bildirib. O, Vətən müharibəsinin bu reallıqları təcrübədə təsdiqlədiyini və yerli istehsalın, texnoloji çevikliyin əhəmiyyətini açıq şəkildə nümayiş etdirdiyini qeyd edib.
Firuzə Vahid