Çərşənbə, 4 Mart, 2026
Tarix: 18 Dec 2025 12:05
Bu il Bakı Beynəlxalq Dəniz Limanı 104-105 min TEU konteyner aşırmağı planlaşdırır.
“APA-Economics” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakı Limanının direktoru Eldar Salahov bildirib.
Onun sözlərinə görə, bu gün Beynəlxalq Dəniz Limanında illik konteyner aşırma göstəricisi ilk dəfə olaraq 100 000 TEU (Twenty-foot Equivalent Unit – iyirmifutluq ekvivalent standartı) səviyyəsinə çatıb.
"Fikirləşirəm ki, bu il qeyd olunan göstərici 104-105 minə çatacaq", - Eldar Salahov qeyd edib.
O əlavə edib ki, 2024-ci ildə Liman tərəfindən 76 mindən artıq TEU konteyner daşınıb və bu göstərici ilə müqayisədə cari il qeyd olunan göstərici üzrə 40% artım gözlənilir.
Eldar Salahovun sözlərinə görə, konteyner daşımalarının aktuallaşması və inkişafı fonunda Bakı Limanının konteyner aşırma gücünün artırılması planlaşdırılır.
Belə ki, planlara əsasən, limanın inkişafının birinci fazası çərçivəsində onun illik konteyner aşırma gücünün hazırkı 150 min TEU-dan 260 min TEU-yə qədər artırılması nəzərdə tutulur. Qeyd olunan məqsədə çatmaq üçün yaxın vaxtlarda bu istiqamətdə müvafiq işlərin görülməsi planlaşdırılır.
Emil İsmayılov liman konteyner