Cümə axşamı, 1 Yanvar, 2026
Tarix: 01 Jan 2026 13:40
2025-ci il Azərbaycan üçün xarici və daxili siyasət sahəsində əldə olunan mühüm nəticələrlə xarakterizə olunan il kimi yadda qalıb. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl, müstəqil və milli maraqlara əsaslanan siyasi kurs ölkəmizin regional və qlobal müstəvidə mövqelərini daha da möhkəmləndirib. Qeyd edilən dövrü ərzində Azərbaycan təhlükəsizlik mühitinin formalaşdırılmasında fəal iştirak edib, yeni əməkdaşlıq platformalarının yaradılması və mövcud tərəfdaşlıqların dərinləşdirilməsi istiqamətində təşəbbüskar mövqe nümayiş etdirib.
2025-ci il həm də Vətən müharibəsində əldə olunmuş Zəfərin beşinci ildönümünün qeyd edildiyi dövr kimi diqqət çəkir. Bu qələbə yalnız hərbi əməliyyatların nəticəsi olaraq deyil, eyni zamanda siyasi, iqtisadi və diplomatik müstəvidə Azərbaycanın milli maraqlarının təmin olunmasında dönüş nöqtəsi kimi qiymətləndirilir. Ən mühüm amillərdən biri isə 30 ilə yaxın davam etmiş işğala son qoyulması, ölkənin ərazi bütövlüyü və suverenliyinə təhdidlərin aradan qaldırılmasıdır. Bu reallıq regionda geosiyasi balansın dəyişməsi və yeni təhlükəsizlik arxitekturasının formalaşması baxımından strateji əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə xalqa müraciətində bildirib ki, 2025-ci ildə Azərbaycan dövlət–xalq birliyi sayəsində sülh və təhlükəsizlik şəraitində qalib ölkə kimi inkişafını davam etdirib və bu uğurların 2026-cı ildə də davam edəcəyinə əmindir.
“2025-ci il arxada qaldı. Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir. Əminəm ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq, ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcəkdir. Bu il biz şanlı Zəfərimizin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd etmişik. Beş il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq. Azərbaycan xalqı bu Qələbə ilə əbədi olaraq fəxr edəcəkdir. Biz otuzillik erməni işğalına son qoyduq, ərazi bütövlüyümüzü, suverenliyimizi, milli ləyaqətimizi bərpa etdik. Bu il Zəfərimizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda son illər ərzində ordu quruculuğunda görülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi”, deyə Prezident İlham Əliyev qeyd edib.
Son beş il ərzində Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb, ordu müasir silah və texnika ilə təchiz olunub. Xüsusi təyinatlı qüvvələrin say tərkibinin və hazırlıq səviyyəsinin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmlənməsinə xidmət edib. Qlobal miqyasda müşahidə olunan silahlanma prosesləri fonunda bu siyasət Azərbaycanın ilk növbədə öz milli təhlükəsizliyini təmin edən məsuliyyətli dövlət kimi çıxış etdiyini bir daha nümayiş etdirib.
Prezident İlham Əliyev xalqa müraciətində vurğulayıb ki, Azərbaycan Ordusu son 5 ildə hərbi qüdrətini xeyli artıraraq istənilən tapşırığı yerinə yetirməyə qadir güclü orduya çevrilib: “Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırmışdır. Yeni silahlar və texnika ilə təchiz edilmiş Ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir. Biz son 5 il ərzində həm yerli istehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda, xaricdən aldığımız silah və texnikanı Ordumuzun potensialına əlavə edərək hərbi gücümüzü böyük dərəcədə gücləndirə bildik. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı, yeni yaradılmış Komando Qüvvələrinin say tərkibi minlərlə əsgər və zabitdən ibarətdir.”
Vaşinqton sənədi regionda sülh prosesi üçün dönüş nöqtəsi oldu
2025-ci ildə Azərbaycanın münaqişədən sonrakı dövr üçün irəli sürdüyü sülh gündəliyi beynəlxalq platformalarda geniş dəstək qazandı. Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə paraflanmış sənəd regionda qarşıdurma mərhələsindən dialoq və əməkdaşlığa keçidin mühüm siyasi siqnalı kimi dəyərləndirilir. Bu proses göstərir ki, Azərbaycan münaqişədən sonrakı mərhələdə də beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və qarşılıqlı etimad prinsiplərinə əsaslanan konstruktiv xətt yürüdür. Rəsmi Bakı öz mövqeyini ardıcıl və qətiyyətlə müdafiə etməklə yanaşı, dayanıqlı sülhün təmin olunması üçün praktiki təşəbbüslər irəli sürür və onları həyata keçirir. Azərbaycanın təqdim etdiyi sülh gündəliyi regional kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaradır. Nəticə etibarilə, Azərbaycan təkcə münaqişənin başa çatdırılmasında deyil, həm də uzunmüddətli sabitlik modelinin formalaşmasında əsas aktorlardan biri kimi çıxış edir.
Quruculuq, reinteqrasiya və Böyük Qayıdış
Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə sistemli və mərhələli şəkildə genişmiqyaslı bərpa-quruculuq prosesini davam etdirir. 2022-ci ildən etibarən icrasına start verilən “Böyük Qayıdış” proqramı təkcə infrastrukturun bərpasını deyil, eyni zamanda sosial rifahın yüksəldilməsi, iqtisadi fəallığın bərpası və milli həmrəyliyin daha da möhkəmləndirilməsini hədəfləyən kompleks dövlət strategiyası kimi həyata keçirilir.
İşğaldan azad olunmuş bölgələrdə yeni yollar, tunellər, körpülər, elektrik və qaz xətləri, su infrastrukturunun yaradılması davam edir.
Bərpa paralel şəkildə mina təmizlənməsi əməliyyatları ilə müşayiət olunur. Bu məqsədlə geniş resurslar səfərbər edilib, ANAMA-nın fəaliyyəti beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində gücləndirilib. Bütün bunlarla yanaşı, bölgələrdə şəhərsalma planlaşdırılması “ağıllı şəhər” konsepsiyasına uyğun olaraq icra olunur. Yaşıl enerji infrastrukturu formalaşdırılır, Kəlbəcər-Laçın zonasında hidroenerji potensialı səfərbər edilib, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları “yaşıl enerji zonası” elan olunub. Əsas məqsəd ərazilərin tam reinteqrasiyası, müasir və dayanıqlı yaşayış mühitinin formalaşdırılması və insanların təhlükəsiz şəkildə öz yurdlarına dönüşünün təmin edilməsidir.
Prezident İlham Əliyev müraciətində qeyd edib ki, bu gün bütün ölkə üzrə geniş quruculuq işləri aparılır, hər bir bölgədə inkişaf müşahidə olunur: “Biz “Böyük Qayıdış” Proqramını uğurla icra edirik və işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır və artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılmışdır.”
Müstəqil siyasət və güclənən beynəlxalq nüfuz
Son illər ərzində Azərbaycan Respublikasının beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb və ölkəmiz qlobal siyasi proseslərin etibarlı, proqnozlaşdırıla bilən və məsuliyyətli tərəfdaşı kimi tanınır. Rəsmi Bakı bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan müstəqil siyasi kursunu ardıcıl şəkildə davam etdirir. Azərbaycan dövlətinin daxili və xarici siyasətinə hər hansı kənar təsirlər və müdaxilə cəhdləri qəbul edilmir, milli maraqların qorunması prioritet kimi saxlanılır. Bu gün Azərbaycan öz milli mövqeyini açıq şəkildə ifadə edən və yalnız dövlət maraqlarına əsaslanaraq siyasət yürüdən suveren aktor kimi çıxış edir.
“Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar. Təsadüfi deyil ki, dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Bizim xarici siyasətimiz çoxşaxəlidir, bu siyasət bir çox istiqamətlər üzrə uğurla aparılır”, deyə Prezident İlham Əliyev vurğulayıb.
2025-ci ildə Azərbaycanın diplomatik aktivliyi xüsusilə diqqət çəkib. Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşü, eləcə də Qəbələdə təşkil olunan Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı Azərbaycanın regional əməkdaşlıq platformalarının mərkəzlərindən birinə çevrildiyini təsdiqləyən mühüm siyasi hadisələr sırasındadır. Bu tədbirlər çərçivəsində qəbul olunan qərarlar nəinki iqtisadi və siyasi əlaqələrin inkişafına, həm də türk dünyasının inteqrasiya proseslərinin dərinləşməsinə mühüm töhfə verib.
Prezident İlham Əliyev xatırladıb ki, bu il ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbir keçirilmişdir: “Bunların arasında işğaldan azad edilmiş Xankəndidə ECO-nun Zirvə Görüşünü xüsusilə qeyd etməliyəm. Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də bizim ailəmiz olan Türk dünyasının birləşməsi istiqamətində bir daha önəmli addım olmuşdur. Bir çox beynəlxalq təşkilatlarla sıx əlaqələrimiz bizim maraqlarımıza uyğundur. Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq.”
İqtisadi sabitlik və maliyyə dayanıqlığı
Son illər ərzində Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişaf meyillərini qoruyub saxlayaraq, regional miqyasda sabitlik və maliyyə intizamı nümunəsi kimi çıxış edib. Makroiqtisadi sabitliyin təmin edilməsi, maliyyə sektorunda risklərin minimuma endirilməsi və qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasət ölkənin iqtisadi təhlükəsizliyini daha da gücləndirib.
İqtisadi inkişafa gəldikdə, isə Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu il əldə olunmuş uğurlarla fəxr edə bilər: “Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - 80 milyard dollardan artıqdır. Bizim xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Bir halda ki, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir və təsadüfi deyil ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini qaldırıblar - investisiya reytinqini müsbət reytinq səviyyəsinə qaldırıblar.”
Azərbaycan iqtisadiyyatının sabitliyi, maliyyə resurslarının möhkəmliyi və aşağı borclanma yükü ölkəmizin xarici təzyiq və risklərə qarşı dayanıqlığını təmin etməklə yanaşı, uzunmüddətli inkişaf strategiyasının uğurla həyata keçirilməsinə güclü zəmin yaradır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi və milli birliyin gücü
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kontekstində rəsmi Bakının verdiyi ən mühüm mesaj ondan ibarətdir ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının arxasında güclü, qətiyyətli və məsuliyyətli Azərbaycan dövləti dayanır. Xaricdə yaşayan həmvətənlərin hüquqlarının və milli-mənəvi maraqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycan dövləti diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, onların daha effektiv şəbəkə formasında təşkilatlanması və milli mövqelərin beynəlxalq müstəvidə müdafiəsi istiqamətində ardıcıl dəstək göstərir. Bu siyasət həm milli həmrəyliyin möhkəmlənməsinə, həm də Azərbaycanın diaspor diplomatiyasının imkanlarının genişlənməsinə şərait yaradır.
Prezident vurğulayıb ki, Dünya azərbaycanlılarının həmrəyliyi Azərbaycan dövlətinin qlobal miqyasda siyasi nüfuzunu və milli birliyi daha da gücləndirir: “Bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu münasibətlə dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən təbrik etmək istəyirəm. Onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi - azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir. Azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı olmayaraq, bilirlər və bilməlidirlər ki, onların Ana Vətəni müstəqil Azərbaycan dövlətidir”.
Beləliklə, 2025-ci ilin ümumi mənzərəsi göstərir ki, Azərbaycan təkcə hərbi Zəfər qazanmış dövlət kimi deyil, həm də bu Zəfəri siyasi, iqtisadi və diplomatik müstəvilərdə ardıcıl şəkildə möhkəmləndirən güclü subyekt kimi beynəlxalq sistemdə öz mövqeyini daha da gücləndirib. Güclü siyasi iradə, xalq–dövlət birliyi, müstəqil xarici siyasət kursu və balanslı iqtisadi model ölkəmizin regional və qlobal proseslərin etibarlı tərəfdaşı kimi qəbul edilməsini təmin edib. Bu strateji kursun davam etdirilməsi isə Azərbaycanın gələcək inkişafının, suverenliyinin və milli təhlükəsizliyinin əsas təminatlarından biri kimi qiymətləndirilir
Faiq Mahmudov Azərbaycan 2025 siyasi kurs Zəfər ərazi bütövlüyü sülh gündəliyi Vaşinqton sənədi Böyük Qayıdış dövlət–xalq birliyi beynəlxalq nüfuz