“Turistlərin müsbət fikirlərlə geri dönməsinə yardımçı olmalıyıq” 
 - Yenilənib

“Turistlərin müsbət fikirlərlə geri dönməsinə yardımçı olmalıyıq” - Yenilənib

Tarix: 11 Jan 2024 10:33

“Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkədə turizmin inkişafı üçün geniş imkanlar açır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” forumunda Assosiasiyanın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib.

O bildirib ki, Azərbaycanda müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyevin sayəsində turizm yeni bir dövrə qədəm qoyub: “Həm xarici ölkələrdən gələn turistlərin sayı artıb, həm də vətəndaşların xaricə səfərləri asanlaşıb. Hazırda Azərbaycan dünya dövlətləri ilə əlaqələrini genişləndirməyə nail olub. Azərbaycan COP29 kimi mötəbər tədbirə ev sahibliyi edir. Bu, Azərbaycanı dünya miqyasında region lideri kimi tanıdır. Bu miqyasda tədbirlərin keçirilməsi daha təhlükəsiz dövlətlərə həvalə edilir. Biz Turizm Assosiasiyası olaraq bu tədbirə hazır olmalıyıq. Gələn turistlərin Azərbaycanla bağlı müsbət fikirlərlə geri dönməsinə yardımçı olmalıyıq”.

***

Azərbaycan Turizm Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov: “Bu il ölkəmiz COP29 sammitinə ev sahibliyi edəcək. Bu tədbirlə 2024-cü ildə ölkəmizdə turizm və qonaqpərvərlik sənayesinin yeni dövrü qədəm qoyacaq”.

Onun sözlərinə görə, beynəlxalq tədbirlə ölkəmizin unikal turizm destinasiyası kimi tanıdılması davam edəcək.

E.Əlimuradov qeyd edib ki, 2022-ci il üzrə ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 757, nömrələrin sayı 27 312, çarpayı yerlərinin sayı 56 562 olub: “Bu il bir neçə yeni brendlərin də bu siyahıya qatılacağını və nömrə fondunun daha da artacağını gözləyirik. Təbii ki bütün bunlar məqsədyönlü siyasətin, uğurlu diplomatik əlaqələrin nəticəsidir”.

Pandemiya dövründə hotelçilik institutunun ən böyük zərbə alan sahələrdən olduğunu xatırladan Assosiasiya sədri qeyd edib ki, onlardan bəziləri karantin müəssisəsi kimi vətəndaşlar və səhiyyə işçilərinə verilmişdi: “Bu dövrdə 30 hotelin ödənişsiz ulduz təsnifatı keçirilməsi bərpa turunda onlar üçün vacib idi”.

“Tezliklə Qarabağda beynəlxalq investorlar tərəfindən hotel şəbəkələrinin olacağına inanırıq. Artıq işğaldan azad olunan torpaqlarımızda turizm infrastrukturu yaradılır. Şuşa, Suqovuşan və digər ərazilərə turist səfərləri təşkil edilir”, - o daha sonra əlavə edib.

E.Əlimuradov qeyd edib ki, Azərbaycanda Vergi Məcəlləsinə edilən son dəyişikliyə görə, regionlarda hotel və sanatoriyalarda daşınmaz əmlak vergisi 3 il ərzində 75 faiz azaldılıb. Bu da turizmin inkişafına təkan verəcək: “2003-19-cu illər ərzində Azərbaycana səfər edən əcnəbilərin sayı 3 dəfədən çox artıb. Mehmanxanalarda gecələyənlərin sayı 7 dəfən çox artıb”.

***

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının baş katibi Tural Musayev: “Azərbaycanda bələdçilərin sayı 9 dəfə artıb. Lakin təkcə kəmiyyət deyil, keyfiyyətdə də böyük nailiyyətlərə nail olmuşuq”.

Onun sözlərinə görə, əvvəllər ölkəmizə gələn qonaqlar Azərbaycan haqqında məlumatlı deyildilər və bələdçilərimizin sayı da məhdud idi: “Xidmət isə yalnız ingilis və rus dilində idi. Hazırda 27 dildə fəaliyyət göstərən bələdçilərimiz var və onlar beynəlxalq standartlara uyğun hazırlanır. Bu gün bələdçilərimiz Şuşa, Ağdam və ətraf ərazilərdə turist səfərlərində iştirak edirlər.

Cari ildə Azərbaycan COP29 beynəlxalq tədbirinə ev sahibliyi edəcək. Deyərdim ki, bu, indiyəqədər ölkəmizdə keçirilən tədbirlərdən ən böyüyü olacaq. 50-80 minə yaxın iştirakçı olacaq. Bu fürsətdən istifadə edib bələdçilərimiz işlərini daha da yaxşılaşdırmalıdır. Çünki onlar ölkənin imicinin formalaşmasında rol oynayırlar”.

Gülnar Əliyeva

“Turistlərin müsbət fikirlərlə geri dönməsinə yardımçı olmalıyıq” 
 - Yenilənib
“Turistlərin müsbət fikirlərlə geri dönməsinə yardımçı olmalıyıq” 
 - Yenilənib
“Turistlərin müsbət fikirlərlə geri dönməsinə yardımçı olmalıyıq” 
 - Yenilənib

Mənbə: qafqazinfo.az

Xəbər Lenti