Gürcüstanın sabiq Baş naziri Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib - YENİLƏNİB

Tarix: 12 Jan 2026 16:37

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın yerli bürosu xəbər verir ki, o, Tbilisi Şəhər Məhkəməsinin zalında həbs olunub.

Vəkil Mixeil Şakulaşvili bildirib ki, sabiq hökumət başçısı cəzaçəkmə müəssisəsinə aparılıb.

Qeyd edək ki, məhkəmənin qərarı ilə Gürcüstan Baş Prokurorluğunun prosesual razılaşma haqqında vəsatəti təmin olunub.

***

15:46

Gürücstanın sabiq Baş naziri İrakli Qaribaşvili 5 il müddətinə həbs cəzasına məhkum ediləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

Məlumata əsasən, Qaribaşvili günahının etirafı haqqında razılaşma imzalayıb. Ona əlavə cəza olaraq 1 milyon lari (370 min ABŞ dolları) məbləğində cərimə də tətbiq olunub.

Qaribaşvili həmçinin cinayətkar fəaliyyət nəticəsində əldə etdiyi pulları, həmçinin evində axtarış zamanı müsadirə edilən 6,5 milyon ABŞ dollarını dövlətə qaytarmalı olacaq.

Qeyd edək ki, Qaribaşvili xüsusilə külli miqdarda gəlirin leqallaşdırılmasında ittiham olunur. Tbilisi Şəhər Məhkəməsi ötən ilin oktyabrın 24-də onun barəsində bir milyon lari məbləğində girov qətimkan tədbiri seçib. Girovun əvəzinə onun Tbilisidəki mənzili müsadirə edilib.

Xatırladaq ki, Qaribaşvili Gürcüstanın Baş naziri vəzifəsini 2013-2015 və 2021-2024-cü illərdə tutub. O, 2024-cü ilin fevralın 1-də hakim “Gürcü Arzusu” partiyasının sədri seçilib, ötən ilin aprelin 25-də vəzifəsini tərk edərək siyasətdən getdiyini bildirib.

Cəmilə Babayeva Gürcüstan İrakli Qaribaşvili

Xəbər Lenti