ABŞ BMT-də Şimali Koreyanın kiberfəaliyyətləri ilə sanksiyalardan yayınmasına dair yeni hesabat təqdim edib

Tarix: 13 Jan 2026 08:57

Yanvarın 12-də Birləşmiş Millətlər Təşkilatı-nda ABŞ tərəfindən üzv dövlətlərə və beynəlxalq media nümayəndələrinə Koreya Xalq Demokratik Respublikasının (KXDR) qanunsuz kiber və informasiya texnologiyaları işçilərinin fəaliyyəti vasitəsilə BMT sanksiyalarının pozulması və onlardan yayınmasına dair Çoxtərəfli Sanksiyaların Monitorinq Qrupunun ikinci hesabatı təqdim olunub.

APA-nın ABŞ Bürosunun ABŞ Dövlət Departamentinin Xarici Mətbuat Mərkəzinə istinadən verdiyi məlumata görə, hesabatı ABŞ Dövlət Departamentinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə baş katibin köməkçisinin müavini Conatan Fritz təqdim edib.

Fritzin sözlərinə görə, Şimali Koreyaya bağlı kibercinayətkar qruplar ilin son rübündə 400 milyon dollardan çox vəsait oğurlayıb və bu fəaliyyət nəticəsində onların illik qeyri-qanuni gəlirləri təxminən 2 milyard dollara çatıb. O, həmçinin ümumilikdə 2 milyard dollar dəyərində bitkoinin oğurlandığını qeyd edib.

“Amerika Birləşmiş Ştatları Şimali Koreyanın tam nüvəsizləşdirilməsinə və KXDR-ə qarşı BMT sanksiyalarının icrasına sadiqdir. Əminik ki, Monitorinq Qrupu KXDR-in sanksiyaları pozması ilə bağlı məsələlər üzrə vaxtında, qlobal miqyasda aktual və faktlara əsaslanan hesabatlar dərc etməyə davam edəcək”, – deyə Conatan Fritz bildirib.

Qeyd edək ki, Şimali Koreyaya qarşı BMT sanksiyalarının pozulması və onlardan yayınma hallarını izləmək və sənədləşdirmək məqsədilə yaradılan Çoxtərəfli Sanksiyaların Monitorinq Qrupu 2024-cü ildə fəaliyyətə başlayıb. Qrupun yaradılması BMT-nin 1718 saylı Komitəsinin Ekspertlər Panelinin mandatının uzadılmasına Rusiyanın veto qoymasından sonra mümkün olub.

Hazırda Monitorinq Qrupuna 11 ölkə daxildir: Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Niderland, Yeni Zelandiya, Koreya Respublikası, Birləşmiş Krallıq və ABŞ.

Xəbər Lenti