Çərşənbə axşamı, 13 Yanvar, 2026
Tarix: 13 Jan 2026 16:00
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavinləri Genadi Arveladze və İnqa Pxaladze ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin (USTDA) regional direktoru Karl Kresslə görüş keçiriblər.
APA-nın yerli bürosu xəbər verir ki, görüşdə gələcək əməkdaşlıq perspektivləri və Orta Dəhlizin inkişafı üzrə Gürcüstan hökumətinin cari və planlaşdırdığı layihələr, eləcə də bu prosesdə USTDA-dan texniki dəstəyin alınması imkanları müzakirə olunub.
Qeyd olunub ki, Orta Dəhlizin inkişafı və Gürcüstanın nəqliyyat infrastrukturunun beynəlxalq tranzit şəbəkələrinə inteqrasiyası hökumət üçün prioritetdir.
Görüşdə Anaklia dərin dəniz limanı, Gürcüstan dəmir yollarının modernləşdirilməsi layihələri və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması, Şərq-Qərb avtomagistralının tam reallaşdırılması, yeni Tbilisi beynəlxalq hava limanının inşası məsələlərinə də toxunulub.
Tərəflər həmçinin Gürcüstanın müxtəlif sektorlarda tranzit mərkəzi kimi rolunu artıran layihələr, o cümlədən Gürcüstanı Avropa İttifaqının enerji bazarına bağlayacaq Qara dəniz sualtı kabel layihəsini də nəzərdən keçiriblər.
USTDA Orta Dəhlizin daha da inkişaf etdirilməsinə yönəlmiş layihələrə maraq ifadə edib. Bu nəqliyyat dəhlizinin rəqabət qabiliyyətini artıracaq ehtiyacların müəyyən edilməsi və dəstəklənməsinin zəruriliyi, eləcə də bu prosesə ABŞ investisiyalarının cəlb edilməsi potensialı vurğulanıb.
Bildirilib ki, Agentlik nümayəndələrinin işgüzar səfəri çərçivəsində Gürcüstanla yanaşı, Ermənistan və Azərbaycan, eləcə də Bosniya və Herseqovinada nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş imkanların araşdırılması da nəzərdə tutulub.
Cəmilə Babayeva ABŞ Orta Dəhliz Gürcüstan