Mirzoyan və Rubio Vaşinqtonda görüşüblər - YENİLƏNİB

Tarix: 13 Jan 2026 23:46

“Tərəflər Ermənistan-ABŞ strateji tərəfdaşlığının mütərəqqi inkişafını, əldə edilmiş razılaşmaların həyata keçirilməsini və birgə təşəbbüslərin perspektivlərini qeyd ediblər”.

APA xəbər verir ki, bu sözlər Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən görüşlə bağlı verilən açıqlamada öz əksini tapıb.

Bildirilib ki, tərəflər 8 avqust 2025-ci ildə Vaşinqton Sülh Sammitində əldə edilmiş razılaşmaların həyata keçirilməsini müzakirə edərək, sülh prosesinin daha da institusionallaşdırılmasına diqqət yetiriblər.

Məlumata görə “Tramp Marşrutu” proqramının həyata keçirilməsi çərçivəsi ilə bağlı birgə bəyannamə təsdiqlənib. Sənədin dərc olunması daha sonra planlaşdırılır.

***

22:51

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşüblər.

APA xəbər verir ki, görüşdən sonra “Tramp Marşrutu”nun icrası çərçivəsində birgə bəyanatın qəbul edilməsi planlaşdırılır.

"Bu gün biz TRIPP layihəsini imzalayacağıq. Daha doğrusu, bizim fikrimizcə, əməkdaşlığın əla nümunəsi olan layihənin həyata keçirilməsi üzərində işləməyə davam edəcəyik. Bu, Ermənistanı biznesə açır, iqtisadi cəhətdən çiçəklənməsinə imkan verir və heç bir şəkildə Ermənistanın suverenliyini pozmur. Bu, əməkdaşlığın əla nümunəsidir və bu, həm də ölkələrimiz arasında çox güclü olan və bu müqavilələr sayəsində güclənməyə davam edən ikitərəfli münasibətlərimizin qurulması üçün davamlı bir yoldur", - Rubio görüşlə bağlı deyib.

Xəbər Lenti