Çərşənbə, 14 Yanvar, 2026
Tarix: 14 Jan 2026 09:18
Moskvanın İqor Butman caz klubunda azərbaycanlı caz pianoçusu və bəstəkarı, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəslinin görkəmli musiqiçi, caz muğamının banisi Vaqif Mustafazadənin 85 illik yubileyinə həsr olunmuş konserti keçirilib.
APA-nın Moskva bürosu xəbər verir ki, konsert Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Vaqif Mustafazadə Xeyriyyə Fondu, İqor Butman Caz Klubu və Vadim Alxazov adına Forteforma Mədəni və Sosial Layihələrə Dəstək və İnkişaf Fondu tərəfindən təşkil olunub.
Vaqif Mustafazadə Ev-muzeyinin direktoru, Xeyriyyə Fondunun idarə heyətinin sədri Afaq Əliyeva dahi musiqiçinin musiqi irsinin qorunub saxlanılması və inkişafı baxımından belə konsertlərin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Onun sözlərinə görə, müasir ifaçılar Vaqif Mustafazadənin əsasını qoyduğu yolu davam etdirir, dünya səhnələrində yüksək qiymətləndirilən cazda öz istiqamətlərini inkişaf etdirirlər: “Bu gün səhnədə bu irsin ən parlaq nümayəndələrindən biri Şahin Növrəsli çıxış edir. O, həm öz əsərlərini, həm də Vaqif Mustafazadənin musiqisini ifa edir. Məhz bu unikal yol musiqiçilərimizə dünyada tələbi artırır və onlara Azərbaycanı tərənnüm etməyə imkan verir”.
Şahin Növrəsli isə bildirib ki, İqor Butmanın caz klubunda çıxış etmək onun üçün böyük şərəfdir.
Musiqiçi Moskva ictimaiyyətinin böyük maraqını qeyd edərək, konsertin təkcə onun solo ifası deyil, həm də yaradıcılığının bir neçə nəsil musiqiçilərə böyük təsiri olan Vaqif Mustafazadənin xatirəsinə ehtiram olduğunu vurğulayıb.
Gecədə Vaqif Mustafazadənin bəstələri, o cümlədən Şahin Növrəslinin muğam və improvizasiya əsasında ənənələri və müasir caz təfəkkürünü təbii şəkildə birləşdirən orijinal əsərləri səsləndirilib.
Fərid Əkbərov Vaqif Mustafazadə caz musiqi Moskva muğam




