Sibiqa: 2025-ci ildə Ukraynaya məxsus 2 milyon tondan çox taxıl oğurlanıb

Tarix: 15 Jan 2026 11:59

Ukrayna taxılının oğurlanaraq qlobal bazaralara çıxarılmasını təmin edən 45 gəmi Ukrayna xüsusi xidmət orqanları tərəfindən aşkar edilib və onlardan 43-ə sanksiya qoyulub.

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün “X” hesabında məlumat verib.

“2025-ci ildə Rusiya 2 milyon tondan çox Ukrayna taxılını bizim müvəqqəti işğal olunmuş ərazilərimizdən oğurlayıb və bunları Afrika, Asiya, Yaxın Şərq, Avropa bazarlarına çıxarıb. Bu qeyri-qanuni ticarəti həyata keçirmək üçün Azov Dənizi və Qara Dənizdə olan limanlardan istifadə edilib. Belləliklə, kölgə taxıl donanması yaradılıb”,- Sibiqa qeyd edib.

Onun sözlərinə görə, Ukrayna sözügedən donanmaya məxsus gəmilərin 39 kapitanına sanksiya tətbiq edib.

“Biz həm də, bu qeyri-qanuni ticarətdə iştirak edən şirkətləri də izləyirik. Onların hamısı Ukrayna sanksiyalarının gücünü hiss edəcək”,- Ukrayna XİN rəhbəri xəbərdarlıq edib.

Sibiqa Avropa ölkələrini və sərhəd əməkdaşlığını təmin edən “Frontex” agentliyini daha koordinasiyalı işləməyə və Rusiyan bu hərəkətlərinin qarşısını almağa çağırıb.

“Bizim Rusiyanın kölgə tanker donanması ilə mübarizədə təcrübəmiz var. İndi isə mümkün olan ən qısa zamanda Rusiyanın kölgə taxıl donanmasını dayandırmaq lazımdır. 2026-cı ildə Qara Dəniz, Azov Dənizi və Baltik Dənizi Rusiyanın istənilən kölgə donanmasından təmizlənməlidir”,- Andrey Sibiqa vurğulayıb.

Toğrul Quluzadə Ukrayna. Rusiya taxıl Sibiqa

Xəbər Lenti