Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 14:32
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası BBC telekanalına rəsmi şikayətlə müraciət edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, hakim komanda telekanaldan üzr istəməsini və materialların silinməsini tələb edib.
Spiker qeyd edib ki, tələb yerinə yetirilməsə növbəti mərhələdə Böyük Britaniyanın Kommunikasiyalar üzrə Komissiyasına müraciət olunacaq:
“Bu qurumda da pozuntu aradan qaldırılmasa, o zaman Böyük Britaniya məhkəmələrinə müraciət etmək imkanımız olacaq. Biz Gürcüstana qarşı bu çirkin kampaniyanı ifşa etmək üçün bütün hüquqi vasitələrdən, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququndan istifadə edəcəyik”.
Xatırladaq ki, BBC-nin ötən ilin dekabrında yayımladığı süjetdə 2024-cü ildə Tbilisidə keçirilmiş etiraz aksiyalarının dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərli kimyəvi maddələrdən istifadə olunduğu iddia edilib. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti materialla bağlı dərhal istintaqa başlayıb və qeyd olunan dövrdə baş vermiş iğtişaşlar zamanı qadağan edilmiş hər hansı bir maddənin tətbiq olunmadığını sübuta yetirib.
Cəmilə Babayeva Gürcüstan “Gürcü Arzusu” partiyası