Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 27 Jan 2026 19:33
Yanvarın 26-da İmişli şəhəri ərazisində yerləşən evlərdən birində yanğın hadisəsinin baş verməsi və həmin evdə naməlum kişi meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.
Qeyd edilib ki, ilkin yoxlama zamanı meyitin 1957-ci il təvəllüdlü Sədrəddin Fərəcov olması və onun bədəni üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətin olduğu müəyyən edilib.
Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü Elnarə Cəfərovanın Sədrəddin Fərəcovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Cəfərova iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***
26.01.2026, 18:07
İmişlidə yanan evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi ehtimal edilir.
APA-nın Mil-Muğan bürosunun əldə etdiyi məlumata görə, Qaradonlu kənd sakini, 1957-ci il təvəllüdlü Sədrəddin Fərəcovun qətlə yetirildiyi, daha sonra evin yandırıldığı bildirilir. Məlumata görə, faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma gedir.
Qeyd edək ki, İmişli rayon sakininə məxsus 3 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın yerinin kəşfiyyatı zamanı kişi meyiti aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon mərkəzinə yerləşdirilib. Ölən şəxsin həmin evdə kirayədə yaşayan İmişli rayonunun Qaradonlu kənd sakini, 1957-ci il təvəllüdlü Sədrəddin Qüdrət oğlu Fərəcov olduğu müəyyən edilib.
***
11.29
İmişlidə yanan evdə kişi meyiti aşkar edilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli sakini Sürahi Quliyevaya məxsus 3 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın yerinin kəşfiyyatı zamanı kişi meyiti aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon mərkəzinə yerləşdirilib. Ölən şəxsin həmin evdə kirayədə yaşayan İmişli rayonunun Qaradonlu kənd sakini, 1957-ci il təvəllüdlü Sədrəddin Qüdrət oğlu Fərəcov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı İmişli yanğın cinayət işi