Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 28 Jan 2026 11:55
Bu il Bakıda tramvay şəbəkəsinin yaradılması ilə bağlı işçi layihənin hazırlanması planlaşdırılır.
“APA-Economics” xəbər verir ki, bu barədə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
“Bakıda tramvay şəbəkəsinin yaradılması ilə plan ondan ibarətdir ki, ilk növbədə konseptual plandan sonra layihələndirmə mərhələsi həyata keçiriləcək”, - Rəhman Hümmətov əlavə edib.
O deyib ki, söhbət peşəkar layihələndirmə şirkəti tərəfindən bütün şəbəkənin, yəni 5 xətt və 3 deponun layihələndirilməsindən gedir:
“Layihələndirmədən sonra biz burada da ümumi planla yanaşırıq. Dünyada bu işi, yəni bu infrastrukturu quran bir neçə aparıcı şirkət var. Bunlar həm Çinin, həm Avropanın, həm də digər ölkələrin şirkətləri ola bilər. Ancaq məqsəd tam müfəssəl bir layihə hazırlandıqdan sonra şəffaf bir tender vasitəsilə bizim üçün ən uyğun təklif nə olacaqsa, onun seçilməsidir. Burada da istisna deyil ki, layihəni icra edəcək qurum öz maliyyə təminatı, ekspertizaları və sair ilə gələ bilər. Bunların heç biri istisna deyil. Biz hazırda növbəti mərhələ kimi bu işçi layihənin hazırlanması mərhələsinə keçirik və bu il ərzində həmin işi görməyi planlaşdırırıq".
Əşrəf Mehdiyev Rəhman Hümmətov Bakı tramvay