Üç gün əvvəl Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs Bakıda xəstəxanada ölüb, araşdırma aparılır - YENİLƏNİB

Tarix: 04 Feb 2026 15:14

Üç gün əvvəl Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxsin ölüm faktı araşdırılır.

Baş Prokurorluqdan APA-ya saxlanılan şəxsin ölüm faktı təsdiqlənib. Bildirilib ki, qəsdən adam öldürmə faktı ilə bağlı istintaqı aparılan cinayət işinin daxilində təqsirləndirilən Naǧıyev Əli Hüseynbala oǧlunun ölüm faktı da araşdırılır. Araşdırmanın nəticəsi olaraq məsələyə hüquqi qiymət veriləcək.

***

14.35

Üç gün əvvəl Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs Bakıda xəstəxanada ölüb.

APA-nın əldə etdiyi məlumata görə, saxlanılan şəxs ötən gecə səhhətində yaranan problemlə bağlı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada vəfat edib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1977-ci il təvəllüdlü şəxs (kişi) fevralın 3-də saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması diaqnozları təyin edilib.

Cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun fevralın 4-də 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

APA-nın əldə etdiyi məlumata görə, ölüm faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Günay Elşən

***

14.10

Cəlilabadda 3 gün öncə qardaşı uşaqlarını baltalayan rayon sakini həbsdə ölüb.

APA-nın məlumatına görə, onun ötən gecə vəfat etdiyi bildirilir.

Ölüm faktının harada baş verdiyi və səbəbi barədə məlumat verilmir.

Qeyd edək ki, hadisə fevralın 1-də Cəlilabad rayonunda baş verib. Rayon sakinləri, yetkinlik yaşına çatmamış D.V (şərti) və C.V-nin (şərti) müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olması, sonuncunun almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Əli Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanıb, Ə. Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

Cəlilabad qətl Respublika Neyrocərrahiyyə Xəstəxanası Cəlilabad Rayon Prokurorluğu

Xəbər Lenti