Cümə axşamı, 5 Ferval, 2026
Tarix: 05 Feb 2026 19:57
“Nizami” Kino Mərkəzində rejissor Murad Quliyevin “Canqurtaranlar” adlı sənədli filminin təqdimatı keçirilib.
APA xəbər verir ki, film 2023-cü ildə Türkiyədə baş vermiş, “Əsrin fəlakəti” adlandırılan zəlzələ zamanı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının göstərdikləri fədakarlıqdan bəhs edir.
Təqdimat mərasimində çıxış edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Əməliyyat İdarəsinin rəisi Elşad Zərbəliyev Türkiyədə baş vermiş zəlzələnin miqyası, xilasetmə əməliyyatlarının çətinliyi və Azərbaycan xilasedicilərinin həmin günlərdə göstərdikləri peşəkarlıq və fədakarlıqdan danışıb: “Bu, çox ağır bir proses idi. Lakin əməkdaşlarımız bütün qüvvələri ilə zəlzələ bölgəsində fəaliyyət göstərdilər. Şərait nə qədər çətin olsa da, ən yaxşısını etmək üçün əllərindən gələni etdilər”.
Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün qeyd edib ki, o dövrdə çox ağrılı anlar yaşanıb: “Belə anlarda insanı yalnız insan xilas edə bilər. Həmin günlərdə kimin həqiqi dost, kimin qardaş olduğu aydın görünürdü. Köməyin haradan və nə zaman gəlməsi böyük əhəmiyyət daşıyırdı. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq tarix boyu özünü sübut edib. Gecə-gündüz, soyuq havada dağıntılar altında qalan insanları xilas etmək üçün çalışanları gördükcə insanın qüruru və hüznü bir arada yaşanırdı. On minlərlə vətəndaşımızı itirdik. Həlak olanlara Allahdan rəhmət diləyirəm. Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan” məhəlləsi Türkiyə xalqının qəlbində əbədi olaraq Azərbaycan–Türkiyə həmrəyliyinin simvolu kimi yaşayacaq. Bu filmin çəkilməsi də gələcək nəsillərə həmin günlərdə yaşananları çatdırmaq baxımından son dərəcə önəmlidir. Əməyi olan hər kəsə təşəkkür edirəm”.
Filmin rejissoru Murad Quliyev isə bildirib ki, bu ekran əsərinin ideyası onun bir yanğın hadisəsinə şahidlik etdiyi vaxt yaranıb: “Həmin səhnə məni çox təsirləndirmişdi. Bundan sonra ertəsi gün hamıdan tez işə gəlib rəhbərimiz Elçin Musaoğluna məlumat verdim və ideyamı onunla bölüşdüm. O da televiziyanın rəhbərliyinə bildirdi və sağ olsunlar, razılıq verdilər”.
Sonda Fövqəladə Hallar Nazirliyi tərəfindən filmin yaradıcı heyətinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, ekran əsərinin qəhrəmanları Kahramanmaraş və Hatay şəhərlərində bir ay ərzində aparılan xilasetmə əməliyyatları zamanı 53 nəfəri sağ çıxarıb, 700-dən çox meyit, eləcə də çoxlu sayda zinət əşyası və sənədlər aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Filmin qəhrəmanlarından biri olan Elvin İsgəndərov xidmətdə göstərdiyi yüksək peşəkarlığa görə “Dövlət Üstün Fədakarlıq” medalı ilə təltif olunub.
“Azərbaycantelefilm”in istehsalı olan sənədli filmin metrajı 50 dəqiqədir.
İlkin Naib “Canqurtaranlar” sənədli filmi təqdimat
























