Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub

Tarix: 10 Feb 2026 15:33

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca altıncı “Məzun Günü” baş tutub.

"APA-Economics" xəbər verir ki, bu tədris dalğası üzrə 100 yeni kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb.

Tədbirin açılışında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İsrailin Azərbaycandakı səfiri Ronen Kraus, “Technion” Texnologiya İnstitutunun Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger, həmçinin “PAŞA Holding”in nümayəndəsi Tuğra Musayeva çıxış ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxışında ölkə üzrə dövlət və özəl sektorda kibertəhlükəsizliyin gücləndirilməsi, milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində keçirilən tədbirlərdən danışıb:

“Azərbaycan Respublikası Prezidentinin təsdiqlədiyi strateji sənədlərin icrası çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır. Mərkəz kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssislərin və təlimçilərin hazırlanması, insan kapitalının gücləndirilməsi və milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində mühüm töhfələr verməkdədir”.

Tədbir çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “CyberPark” layihəsinin təqdimatı baş tutub. Daha sonra məzunlardan ibarət komanda tərəfindən hazırlanan yekun layihə təqdim edilib. Komanda üzvləri tədris müddətində qazandıqları bilikləri real kibertəhlükəsizlik problemlərinə tətbiq edərək hazırladıqları həlləri və əldə olunan nəticələri nümayiş etdiriblər.

Sonda 100 məzuna rəsmi qonaqlar tərəfindən məzun sertifikatları təqdim edilib.

Tədbirin yekununda baş tutan “Karyera sərgisi” çərçivəsində iştirakçılar müxtəlif şirkət və qurumların insan resursları nümayəndələri ilə görüşərək karyera imkanları, təcrübə və iş proqramları və peşəkar inkişaf perspektivləri ətrafında müzakirələr aparıb, şəbəkələşmə imkanı əldə ediblər.

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təhsil alan tələbələr beynəlxalq mütəxəssilər tərəfindən Red Team (hücum), Blue Team (müdafiə) və Purple Team təlimləri keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl metodologiyalar, strategiyalar və texnologiyalar üzrə praktiki biliklər əldə ediblər. İndiyədək Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən 480 nəfər məzun olub, hazırda 7-ci tədris dalğası üzrə 60 tələbə təhsilini davam etdirir. Məzunların işə qəbul faizi 86% təşkil edir ki, onlar həm dövlət qurumları, həm də qabaqcıl yerli və beynəlxalq şirkətlərdə fəaliyyət göstərirlər.

Əşrəf Mehdiyev kibertəhlükəsizlik məzun

Xəbər Lenti