Aİ-nin “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü ilə bağlı tədbir keçirilib - FOTO

Tarix: 10 Feb 2026 15:57

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Merlər Razılaşması – Şərq Tərəfdaşlığı (CoM East) Azərbaycanda, yerli iqlim və enerji fəaliyyəti üzrə ən böyük təşəbbüslərdən birinə qoşulmağı nəzərdən keçirən bələdiyyələr üçün mövcud imkanları haqqında maarifləndirici tədbir təşkil edib.

APA xəbər verir ki, Bakıda keçirilən tədbirdə bələdiyyələrin, habelə milli qurumların təxminən 100 nümayəndəsi bir araya gəlib.

Görüşün əsas məqsədi qoşulmaq istəyən potensial tərəflərə Merlər Razılaşmasına üzvlüyün praktikada nə demək olduğunu aydın şəkildə izah etməkdən ibarət olub.

Merlər Razılaşması – Şərq Tərəfdaşlığı komandası təşəbbüsün haqqında məlumatı və şəhərlər üçün mövcud olan konkret dəstək mexanizmlərini təqdim edib. Bu dəstəyə Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planlarının hazırlanması üzrə metodiki vasitə, irəliləyişin izlənilməsi üçün alətlər, layihə dəstək xidməti, potensialın artırılması fəaliyyətləri, eləcə də iqlim layihələrinin icrasına yönəlmiş texniki dəstək daxil olduğu bildirilib.

Konfransın gedişatında Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Səyyarə Musayeva, Mingəçevir Şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov və Moldovanın Ceadir-Lunqa şəhərinin meri Anatolii Topal Merlər Razılaşması təşəbbüsünə qoşulma üzrə öz təcrübələrini bölüşüblər.

Qeyd olunub ki, Azərbaycanda Merlər Razılaşmasında iştirak artıq konkret nəticələr verib. Mingəçevir ölkədə Merlər Razılaşması – Şərq Tərəfdaşlığı tərəfindən Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının (SECAP) hazırlanması üçün dəstək alan ilk şəhər olub və bu, yerli iqlim və enerji planlaşdırması üçün zəmin yaradıb. Həm Mingəçevir, həm də Şəki üçün təşəbbüs bələdiyyə obyektlərində enerji auditlərinin aparılmasına dəstək göstərib və hazırda şəhərlərə maliyyələşmə mənbələrinin tapılması istiqamətində kömək edir. Şəkidə bu dəstək həmçinin Mounting Adapt proqramı çərçivəsində konkret layihə üçün maliyyənin cəlb olunmasına imkan yaradıb. Bundan əlavə, Merlər Razılaşması – Şərq Tərəfdaşlığı yerli maraqlı tərəflərin cəlb olunmasına və ictimai məlumatlılığın artırılmasına töhfə verən Enerji Günlərinin təşkili prosesini də dəstəkləyib.

Toğrul Quluzadə Aİ Azərbaycan Merlər Razılaşması iqlim dəyişikliyi enerji

Xəbər Lenti