Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib

Tarix: 11 Feb 2026 18:28

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda lisenziya üçün müraciətlərə baxılıb.

Bu barədə APA-ya Şuradan məlumat verilib.

Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura "Kinobox" MMC-yə sifarişli yayım xidməti provayderi lisenziyasının (xidmət adı: "Kinobox" olmaqla) verilməsi haqqında qərar qəbul edib.

İclasda həmçinin, "Mahnı" MMC-nin lisenziya alınması üçün müraciəti müzakirə olunub. Ərizəçinin sənədlərinə, iqtisadi əsaslandırmasına, habelə texniki və proqram təminatına baxışın nəticələrinə əsasən ona peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "Mahnı" TV olmaqla) lisenziyasının verilməsi haqqında qərar qəbul olunub.

İclasın sonunda "Aznet Technologies" QSC-nin təşkilati-hüquqi formasının dəyişilməsi ilə əlaqədar Audiovizual Şuraya ünvanladığı müraciətə əsasən "Aznet" və "Araznet" operator xidmətləri üçün verilmiş lisenziyaların "Aznet Technologies" MMC-nin adına yenidən rəsmiləşdirilməsi haqqında müvafiq qərarlar qəbul edilib.

Gülcahan İmanqızı Audiovizual Şura Mahnı TV Kinobox

Xəbər Lenti