Çərşənbə, 18 Ferval, 2026
Tarix: 18 Feb 2026 14:16
Pakistan səfiri Qasım Mohiuddinin APA-ya müsahibəsi
Cənubi Qafqaz həmişə Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən körpü olub
- Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşmaqdadır. Regional təhlükəsizliklə bağlı Bakı və İslamabad arasında hansı məsləhətləşmələr aparılır?
- Cənubi Qafqaz həmişə Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən körpü olub. Pakistan bu mühüm regionda sülhün, sabitliyin, bağlantıların və iqtisadi inkişafın təşviqində Azərbaycanın oynadığı vacib rolu yüksək qiymətləndirir. Pakistan və Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmət, sevgi və etimadla səciyyələnir. Biz qarşılıqlı maraq doğuran bütün məsələlərdə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə birlikdə çıxış edirik.
Ölkələrimiz arasında institusional əməkdaşlıq mexanizmləri mövcuddur. Rəsmilərimiz ölkələrimiz arasında möhkəm qardaşlıq bağlarını daha da gücləndirməyə sadiq olan liderlərimizin strateji baxışından güc alır. Bunun əsasında mütəxəssislərimiz ikitərəfli ticarət və investisiyaların artırılması, enerji və müdafiə sahələrində əməkdaşlıq, turizm və insanlararası əlaqələrin genişləndirilməsi də daxil olmaqla, müxtəlif istiqamətlər üzrə imkanları davamlı şəkildə araşdırırlar.
Pakistan Ermənistanla diplomatik münasibətlər qurub
- Pakistan–Ermənistan normallaşma prosesi hansı mərhələdədir? Səfirliklərin açılması, yüksək səviyyəli səfərlər və ya institusional əməkdaşlıq mexanizmlərinin yaradılması ilə bağlı hər hansı konkret irəliləyiş var?
- Pakistan kifayət qədər mühüm olan bu məsələdə həmişə Azərbaycanın yanında olub və ilk gündən Ermənistanla diplomatik əlaqələr qurmayıb. Bu, Qarabağın işğalına görə Azərbaycanla səmimi və sarsılmaz həmrəyliyimizlə bağlı idi. Qarabağ azad ediləndə Pakistanda hər kəs azərbaycanlı qardaş və bacıları ilə birlikdə bunu qeyd etdi. Biz, həmçinin Qarabağ ərazisində genişmiqyaslı və misilsiz inkişaf prosesinin getdiyini məmnunluqla müşahidə edirik. Bu, həqiqətən də cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyinin və cəsur Azərbaycan xalqının dözümlülüyünün təzahürüdür.
Pakistan ötən ilin avqust ayında Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş tarixi anlaşmanı yüksək qiymətləndirir. Cənab Prezident və möhtərəm Baş nazir Vaşinqtondakı sammitdən dərhal sonra bu müsbət inkişafı müzakirə ediblər. Pakistan Azərbaycan və Ermənistan arasında bu tarixi razılaşma əldə olunduqdan sonra Ermənistanla diplomatik münasibətlər qurub. Bu müsbət inkişaf şübhəsiz ki, təkcə davamlı sülh deyil, eyni zamanda, misilsiz iqtisadi artım və rifah gətirəcək, həmçinin bu regionda və onun hüdudlarından kənarda bağlantıları daha da yaxşılaşdıracaq.
Hindistan aqressiv mövqeyini saxlayıb və hədələyici bəyanatlar verməyə davam edir
- Pakistan–Hindistan münasibətlərində gərginlik davam edir. Rəsmi İslamabad mövcud eskalasiya risklərini necə qiymətləndirir?
- Pakistan Cənubi Asiyada davamlı sülh, qarşılıqlı hörmət, suveren bərabərlik və dinc yanaşı yaşama prinsiplərini əsas götürən bütün qonşularla dost münasibətlərinə sadiqdir. 2025-ci ilin may ayında Hindistan Pakistana qarşı əsassız olaraq təcavüz aktı həyata keçirdi. Pakistan bu hücumu pislədi, cənab Baş nazir hadisə ilə bağlı neytral, şəffaf və müstəqil araşdırma aparılmasını təklif etdi.
Hindistan nə Pakistana, nə də bütövlükdə beynəlxalq ictimaiyyətin çağırışlarına müsbət cavab verdi. Hətta Hindistanın müxalifət partiyaları və geniş ictimaiyyət də Modi rejiminin saxta narrativini sual altına alıb. 2025-ci il 7–10 may tarixləri arasında Hindistan Pakistan ərazisində mülki və hərbi hədəflərə zərbələr endirib, bununla da suverenliyimizi və BMT Nizamnaməsini pozub. Hindistanın bu qeyri-qanuni və məsuliyyətsiz hərəkətinə cavab olaraq Pakistan BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə etdi, “Bunyan-um-Marsoos” əməliyyatı ilə ölçülü, yalnız hərbi xarakterli cavab verdi və mülki itkilərin olmamasına xüsusi diqqət yetirdi. Pakistan Silahlı Qüvvələri Hindistanın qırıcı təyyarələrini, pilotsuz uçuş aparatlarını və digər hərbi vasitələrini uğurla zərərsizləşdirdi. Bu faktı hətta Hindistan hərbi rəhbərləri də etiraf edib. Lakin 2025-ci il 10 may tarixində əldə edilmiş atəşkəsə baxmayaraq, Hindistan aqressiv mövqeyini saxlayıb və hədələyici bəyanatlar verməyə davam edir. Hindistanın şovinist ritorikası və müharibə isteriyası beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurmalıdır. Hindistanın düşmən münasibətinin açıq göstəricisi Modi rejiminin 2025-ci ilin aprelindən etibarən Hind Suları Müqaviləsini birtərəfli və qeyri-qanuni şəkildə dayandırmaq barədə təhlükəli qərarıdır.
Kəşmir mübahisəsi dünyanın ən uzunmüddətli həll olunmamış beynəlxalq məsələlərindən biridir və 1948-ci ildən etibarən BMT Təhlükəsizlik Şurasının gündəliyindədir. Modi rejimi 2019-cu ildə BMT Nizamnaməsini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq demoqrafik və siyasi vəziyyəti dəyişdirmək istiqamətində addımlar atıb. Müstəqil və etibarlı beynəlxalq hesabatlar Hindistanın qanunsuz işğal altında saxladığı Cammu və Kəşmirdə ciddi insan hüquqları pozuntuları və Modi rejiminin dini azlıqlara qarşı təqibləri ilə bağlı narahatlıqlar ifadə edib. Pakistan bütün açıq qalan məsələlərin həlli üçün hərtərəfli dialoqa hazır olsa da, suverenliyimizi və ərazi bütövlüyümüzü qətiyyətlə qoruyacağımıza dair heç bir şübhə olmamalıdır. Regionun və daha geniş coğrafiyanın maraqları naminə ümid edirəm ki, Hindistanda mövcud hakimiyyət daha sağlam mövqe sərgiləyəcək.
Pakistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli format aktiv olaraq qalmaqdadır
- Azərbaycan–Türkiyə–Pakistan üçtərəfli əməkdaşlığı son illərdə strateji format kimi formalaşıb. Yaxın gələcəkdə yenidən üçtərəfli görüşün keçirilməsi planlaşdırılır?
- Pakistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli format aktiv olaraq qalmaqdadır. Xatırladım ki, ötən ilin may ayında Azərbaycan, Pakistan və Türkiyə liderləri Laçın şəhərində, bundan başqa hər üç ölkə liderləri keçən ilin iyul ayında Xankəndi şəhərində 17-ci ECO Sammiti çərçivəsində görüşüblər, həmçinin ötən ilin noyabr ayında Pakistan Baş naziri və Müdafiə Qüvvələrinin Baş Komandanı Bakıda Zəfər Gününün 5-ci ildönümünə həsr olunan hərbi parada qatılıblar. Beləliklə, üçtərəfli format çərçivəsində həm liderlər, həm də xarici işlər nazirləri səviyyəsində qarşılıqlı əlaqələr mütəmadi olaraq davam etdirilir. Bu təmaslar qarşılıqlı maraq doğuran məsələlər üzrə davamlı koordinasiya və dialoqu təmin edir. Regional təhlükəsizlik, konnektivliyin gücləndirilməsi, ticarət və investisiyaların təşviqi və digər sahələr əsas müzakirə mövzuları olaraq üç qardaş ölkənin liderləri arasında müntəzəm şəkildə müzakirə edilir.
İslamabad da İranla bağlı dərin narahatlıq keçirir, region daha çox münaqişəyə dözə bilməz
- İran ətrafında baş verən son regional yeniliklər, Yaxın Şərqdə artan gərginlik və beynəlxalq təzyiqlərin fonunda Pakistan mövcud vəziyyəti necə qiymətləndirir?
- Pakistan İranın qonşusudur. Bizim 900 kilometrdən artıq müştərək sərhədimiz var və ölkələrimiz arasında dini-mədəni bağlara əsaslanan tarixi, qardaşlıq münasibətləri mövcuddur. İslamabad da digər bütün regional tərəfdaşlar kimi dərin narahatlıq keçirir. Hər hansı münaqişə özü özlüyündə təhlükəlidir. Əfqanıstanda baş vermiş münaqişələrin nəticələri hələ də tam aradan qalxmayıb və ölkə yenidən xaricdən maliyyələşdirilən terrorçular üçün mərkəzə çevrilib.
Hindistan hökumətinin terrorçuları maliyyələşdirməsi və təlim keçməsi ilə bağlı sübutlar mövcuddur. Hindistan tərəfindən dəstəklənən bu terrorçular təkcə Pakistanın yox, bütün qonşu ölkələrin təhlükəsizliyi üçün təhdid yaradır və terrorun regiondan kənara ixrac olunması kimi ciddi risk formalaşdırır. Buna görə də regionumuz daha çox qeyri-sabitlik və münaqişəyə dözə bilməz. Pakistan regional və beynəlxalq tərəfdaşları kimi diplomatiyanın hərbi münaqişədən üstün tutulması üçün mümkün diplomatik səy göstərir və bunu təşviq edir. Biz həmçinin tərəflər arasında danışıqların davam etməsini məmnunluqla qeyd edir və səmimi şəkildə ümid edirik ki, diplomatik həll yolu tapılacaq.
Toğrul Quluzadə Pakistan səfiri Qasım Mohiuddin Cammu və Kəşmir Azərbaycan–Türkiyə–Pakistan üçtərəfli əməkdaşlığı Cənubi Qafqaz Hindistan Ermənistan Yaxın Şərq İran.