Cümə axşamı, 19 Ferval, 2026
Tarix: 19 Feb 2026 15:18
Kriptovalyuta bazarında bu ilin fevral ayının əvvəlindən etibarən yeni eniş dalğası müşahidə olunur. Dünyanın ən böyük kriptovalyutası olan Bitcoin son aylarda dəyər itirərək yenidən “ayı bazarı” müzakirələrini gündəmə gətirib.
Bitcoin-in qiymət tarixi göstərir ki, belə geriləmələr bazar üçün yeni deyil. 2017-ci ildə BTC 19 666 dollara qədər yüksəlsə də, bir il sonra 3 122 dollara qədər enmişdi. Növbəti böyük dalğa 2021–2022-ci illərində müşahidə olunmuşdu. Bitcoin 69 min dollara qədər yüksəldikdən sonra 15 479 dollara qədər azalmışdı.
Sonuncu dəfə isə Bitcoin 2025-ci ilin oktyabrında 120–122 min dollar civarında rekord səviyyəyə yüksəldi. Lakin 2026-cı ilin fevral ayına qədər dəyərinin təxminən yarısını itirərək 66–67 min dollar ətrafında ticarət olunur.
Bu vəziyyət bazarda əsas sualı aktuallaşdırır: Bitcoin-də “ayı dövrü” nə qədər davam edəcək və bazarı qarşıdakı aylarda nə gözləyir?
Kripto bazarında nə baş verir?ABŞ-ın “CME Group” birjasının analitikləri qeyd edir ki, 2025-ci ilin yay–payız aylarında formalaşan zirvədən sonra Bitcoin təxminən 25–30% geriləyib və altkoinlərdə eniş daha da dərin olub. Vurğulanır ki, kripto bazarında qiymətlər hələ də əsasən Bitcoin-in davranışlarına bağlıdır və bu çəkim axını (undertow) altkoinləri də aşağı istiqamətə aparır.
“Ayı bazarı” nə deməkdir?Kriptovalyuta bazarında belə eniş mərhələləri adətən “ayı bazarı” adlandırılır. Bu, qiymətlərin uzun müddət aşağı istiqamətdə hərəkət etdiyi dövrdür. Ayı bazarları kripto siklinin təbii hissəsidir və adətən böyük yüksəliş dalğalarından sonra baş verir.
CoinDCX analitikləri xatırladır ki, Bitcoin tarixində 2018-ci ildə qiymətlər 74%, 2022-ci ildə isə 70%-dən çox eniş göstərib. Bu baxımdan hazırkı geriləmə bazar üçün qeyri-adi deyil.
Kriptovalyutalar niyə ucuzlaşır?
Analitiklər bildirirlər ki, kriptovalyuta bazarında hazırkı eniş təkcə texniki korreksiya deyil. Prosesin arxasında həm qlobal maliyyə şərtləri, həm də bazarda dəyişən investor psixologiyası dayanır.
Qeyd edilir ki, kriptovalyutalar son illərdə “alternativ maliyyə aktivləri” kimi təqdim olunsa da, təcrübədə onlar hələ də riskli aktivlər qrupuna daxildir. Bu səbəbdən ABŞ-da pul siyasətinin sərtləşməsi kripto bazarına birbaşa təsir edir.
“CME Group” analitikləri qeyd edir ki, investorlar bazarda “risk-off” rejiminə keçib. Yəni, yüksək riskli aktivlərdən çıxış edərək daha sabit alətlərə yönəlirlər.
Sadə dillə desək, faiz dərəcəsi yüksək olanda dollar daha cəlbedici olur. İnvestor riskdən qaçır, kripto aktivlərini satır və nəticədə bazarda təklif artdığı üçün qiymətlər azalır.
“Rəqəmsal qızıl” tezisi niyə yenidən sual altındadır?Kripto tərəfdarları uzun müddətdir Bitcoin-i “rəqəmsal qızıl” kimi təqdim edərək onun böhran dövrlərində təhlükəsiz liman rolunu oynayacağını iddia ediblər. Lakin son aylarda bazarda fərqli mənzərə yaranıb: geosiyasi risklər artdıqca investorlar Bitcoin-dən daha çox qızıla üstünlük verirlər.
Bloomberg Intelligence-in strateqi Mayk MakQloun (Mike McGlone) bildirir ki, kripto bazarında “köpük partlayır” və investorların narrativi dəyişir. MakQlounun fikrincə, Bitcoin-in enişi fonunda investorlar qızıl və gümüş kimi ənənəvi təhlükəsiz aktivlərə daha sürətlə yönəlirlər.
Bitcoin-in “çəkim axını” altkoinləri niyə daha sərt vurur?CME Group-un araşdırmasına görə, altkoinlər çox vaxt Bitcoin-in çəkim gücünün təsirinə düşür. Bitcoin enəndə bazarın digər aktivləri də avtomatik olaraq daha sərt ucuzlaşır.
Bitcoin bazarın lokomotivi olduğu üçün onun ucuzlaşması investorların altkoinlərdən daha tez çıxmasına və enişin dərinləşməsinə səbəb olur.
“Ayı bazarı” nə qədər çəkə bilər? Tarix nə deyir?
CoinDCX-in təhlilində qeyd olunur ki, kripto bazarında ayı dövrləri bir neçə ayla məhdudlaşmır və bəzən bir ildən çox davam edə bilir.
Məsələn, 2014-cü ildə Mt.Gox birjasının sındırılması bazarda kəskin eniş yaratdı. 2018-ci ildə ICO bazarının şişirdilməsi qorxusu Bitcoin-i 74% aşağı saldı. 2022-ci ildə isə FTX qalmaqalı etimadı sarsıtdı. Bununla belə, hər dəfə Bitcoin təxminən bir il yarım ərzində yenidən özünü bərpa edə bilib.
Bazarı nə gözləyir? – İki əsas ssenari
Analitiklər bazarın gələcəyi ilə bağlı iki əsas istiqamət göstərirlər.
Birinci ssenariyə görə, “kripto qışı” uzana bilər. Belə ki, bəzi ekspertlər hesab edir ki, bazarda eniş tam bitməyib və Bitcoin daha aşağı səviyyələri test edə bilər. Bu yanaşma Bloomberg Intelligence-in əmtəə və kripto bazarları üzrə baş strateqi Mayk MakQlounun xəbərdarlıqları ilə üst-üstə düşür.
MakQlounun fikrincə, Bitcoin qiyməti daha da azalaraq 10 min dollara qədər geriləyə bilər.
İkinci ssenariyə görə isə bazarda sabitləşmə mərhələsi formalaşa bilər. Bəzi analitiklərə görə, Bitcoin 60 min dollar civarında sabitləşmə mərhələsinə daxil olur. Vurğulanır ki, bazar bu səviyyələrdə stabilləşərsə, tədricən yeni yüksəliş mərhələsinə keçid mümkündür.
Bitcoin ayısı nə qədər “yatacaq”?Beləliklə, analitiklərin fikrincə, kriptovalyuta bazarında hazırkı eniş bir neçə amilin üst-üstə düşməsi ilə formalaşıb: FED-in sərt pul siyasəti gözləntiləri, qlobal riskdən qaçış dalğası, Bitcoin-in təhlükəsiz liman rolunun zəifləməsi, altkoin bazarında daha dərin satışlar, ayı bazarı psixologiyası, eləcə də investor qorxusu.
Tarix göstərir ki, Bitcoin bazarında ayı dövrləri sərt və uzun ola bilər. Lakin eyni zamanda, əvvəlki enişlərdən sonra bazar yenidən bərpa olunub.
Hazırkı mərhələdə əsas sual açıq qalır: bu eniş yeni bir “kripto qışı”nın başlanğıcıdır, yoxsa növbəti yüksəlişdən əvvəl son korreksiya mərhələsi?
Rahim Tarıverdiyev bitkoin birja kriptovalyuta