İsraillə Memorandum eksperimental laboratoriya və yüksək hesablama infrastrukturunun yaradılmasını nəzərdə tutur

Tarix: 20 Feb 2026 10:42

Süni intellekt qlobal miqyasda inkişaf edən sahədir və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl texnologiyalara çıxışın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

Bunu “APA-Economics”ə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.

Nazir müavini bildirib ki, bu baxımdan mühüm addımlardan biri 2025-ci ilin avqustunda Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış Anlaşma Memorandumudur. Həmin sənəddə süni intellekt üzrə tərəfdaşlıqların inkişafı ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri kimi müəyyən edilib.

Nazir Rəşad Nəbiyevin rəhbərliyi ilə ötən ilin sonlarında ABŞ-yə həyata keçirilən səfər də bu razılaşmaların praktiki icrasına yönəlib. Keçirilən görüşlərdə süni intellekt və rəqəmsal inkişaf sahələrində birgə layihələrin həyata keçirilməsi, bilik mübadiləsi və təcrübə paylaşımı imkanları müzakirə olunub.

Beynəlxalq əməkdaşlığın coğrafiyası yalnız ABŞ ilə məhdudlaşmır. 2025-ci il ərzində Çin, Koreya, Yaponiya və digər ölkələrin rəsmi qurumları, müxtəlif şirkətləri ilə aparılan danışıqlarda süni intellekt sahəsində yeni tərəfdaşlıq imkanları geniş müzakirə edilib.

“Bu istiqamətdə növbəti mühüm addım nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində atılıb. Fevralın 3-də İsrailin Baş nazirinin Aparatının Milli Süni İntellekt Direktorluğu ilə Anlaşma Memorandumu imzalanıb. Sənəd qabaqcıl süni intellekt modellərinin hazırlanması və tətbiqini, eksperimental laboratoriyanın və yüksək məhsuldarlıqlı hesablama infrastrukturunun yaradılmasını nəzərdə tutur. Eyni zamanda ixtisaslı kadr potensialının formalaşdırılması, akademik tədqiqatların dəstəklənməsi və dövlət-özəl sektor tərəfdaşlığının təşviqi kimi istiqamətləri əhatə edir.

Ümumilikdə kadr hazırlığı, texnoloji bilik mübadiləsi, birgə layihələrin icrası və innovativ həllərin tətbiqi beynəlxalq əməkdaşlıq prosesinin əsas prioritetləri kimi müəyyən edilib.

Bu əlaqələr qabaqcıl texnologiyaların ölkəmizdə tətbiqinə, yerli mütəxəssislərin beynəlxalq təcrübədən faydalanmasına və Strategiyanın daha səmərəli icrasına şərait yaradır”, - nazir müavini qeyd edib.

Şükran Məmmədov İKT Süni intellekt Saməddin Əsədov

Xəbər Lenti