Cümə, 20 Ferval, 2026
Tarix: 20 Feb 2026 10:35
Süni intellektin həm dövlət idarəçiliyində, həm də iqtisadiyyatın müxtəlif sahələrində geniş şəkildə tətbiq olunması planlaşıdırılır.
Bunu “APA-Economics”ə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.
Nazir müavini bildirib ki, dövlət idarəçiliyində əsas hədəf qərarvermənin dəqiqliyini artırmaq, idarəetmə proseslərini daha səmərəli və şəffaf təşkil etmək, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yüksəltməkdir.
Bu çərçivədə məlumatların idarə edilməsi mexanizmləri təkmilləşdirilir, Təbii Dil Emalı texnologiyalarının tətbiqi genişləndirilir. İlkin mərhələdə həmin texnologiyaların beş pilot dövlət xidmətində sınaqdan keçirilməsi planlaşdırılır.
“Artıq bu istiqamətdə konkret nəticələr də əldə olunub. Ötən il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Ədliyyə Nazirliyi ilə əməkdaşlığı çərçivəsində hazırlanmış “E-qanun.ai” platforması istifadəyə verilib. Süni intellekt əsaslı bu həll hüquqi sənədlər və qanunvericilik bazasında effektiv axtarış aparmağa, mətnlərin avtomatlaşdırılmış təhlilini həyata keçirməyə və istifadəçilərə operativ cavablar təqdim etməyə imkan yaradır. Platforma Strategiyada nəzərdə tutulan Təbii Dil Emalı texnologiyalarının tətbiqinin praktiki nümunələrindən biridir.
İqtisadiyyat sahəsində isə süni intellektin tətbiqi üçün prioritet sektorların müəyyənləşdirilməsi nəzərdə tutulur. Kənd təsərrüfatı, səhiyyə, nəqliyyat, təhsil və digər sahələr bu baxımdan əsas istiqamətlər kimi seçilib. Ümumi hədəf süni intellekti real iqtisadi və sosial dəyər yaradan, məhsuldarlığı artıran praktik alətə çevirməkdir”, - nazir müavini qeyd edib.
Şükran Məmmədov İKT Süni intellekt Saməddin Əsədov