Nazir müavini: Süni intellekt tətbiqlərinə dair mexanizmlər hazırlanır

Tarix: 20 Feb 2026 10:57

Süni intellektin geniş tətbiqi üçün yalnız texnoloji imkanların deyil, həm də aydın qaydaların mövcudluğu vacibdir. Bu səbəbdən Strategiya çərçivəsində hüquqi və normativ bazanın formalaşdırılması xüsusi istiqamət kimi müəyyən edilib.

Bunu “APA-Economics”ə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.

Nazir müavini qeyd edib ki, hazırda süni intellekt tətbiqlərində şəffaflığın, məlumatların məxfiliyinin və etik prinsiplərin qorunmasını təmin edən mexanizmlərin yaradılması üzərində iş aparılır. Məqsəd dövlət və özəl sektorda süni intellektdən istifadə zamanı vahid yanaşmanın formalaşdırılmasıdır.

“Bu istiqamətdə artıq konkret nəticələr də mövcuddur. Süni intellekt üzrə 8 milli dövlət standartı beynəlxalq standartlara uyğun hazırlanaraq təsdiq edilib, onlardan 4-ü 2025-ci ildə qəbul olunub. Həmin standartlar tətbiqlərin keyfiyyətinin yüksəldilməsinə, təhlükəsizliyin təmin edilməsinə və dövlət qurumlarında vahid metodologiyanın tətbiqinə xidmət edir.

Eyni zamanda süni intellekt sistemlərinin tətbiqi zamanı fərdi məlumatların mühafizəsi, risklərin qiymətləndirilməsi və məsuliyyətli istifadə ilə bağlı normativ mexanizmlərin hazırlanması davam etdirilir.

Bu tədbirlər süni intellekt texnologiyalarının ölkəmizdə həm innovativ, həm də hüquqi baxımdan etibarlı mühitdə inkişaf etməsinə şərait yaradır”, - Saməddin Əsədov vurğulayıb.

Əşrəf Mehdiyev Süni intellekt etik standartlar Saməddin Əsədov

Xəbər Lenti