Cümə, 20 Ferval, 2026
Tarix: 20 Feb 2026 13:05
ABŞ-ın təşəbbüsü ilə formalaşan TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) dəhlizi investorların diqqətini cəlb edib.
"APA-Economics" xəbər verir ki, bu barədə “Fitch Solutions”un Azərbaycanla bağlı proqnozunda bildirilib.
Qurumun qiymətləndirməsinə görə, Ermənistan və Azərbaycan arasında sülh razılaşmasının ilkin mərhələyə keçməsi və ABŞ-ın regionda artan geostrateji iştirakı yeni tranzit layihələrinə marağı gücləndirib. Ermənistan ərazisi vasitəsilə Azərbaycanı Naxçıvanla birləşdirəcək TRIPP dəhlizi regionun logistika xəritəsində mühüm dəyişiklik yarada bilər.
Hesabatda qeyd olunur ki, layihənin əsas hissəsi ABŞ kapitallı strukturlar tərəfindən idarə olunacaq və ödənişli tranzit zonasının inkişafı üçün birgə müəssisə yaradılacaq. ABŞ rəsmiləri əlaqəli layihələrə “milyardlarla dollar” investisiya cəlb oluna biləcəyini bildiriblər.
“Fitch Solutions” hesab edir ki, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu və logistika sahəsində paralel təşəbbüslər Azərbaycanın regional tranzit mərkəzi rolunu gücləndirə bilər. Bu fonda ABŞ-la iqtisadi və strateji əməkdaşlığın 2026-cı ildə daha da dərinləşəcəyi gözlənilir.
Qurumun rəyinə görə, regionda artan investisiya fəallığı həm iqtisadi dinamikanı, həm də geosiyasi balansı yenidən formalaşdıra bilər.
Rahim Tarıverdiyev Fitch Solutions İnvestor TRIPP dəhliz ABŞ Azərbaycan Ermənistan iqtisadi nəqliyyat