Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirilib

Tarix: 20 Feb 2026 15:01

Baş Prokurorluqda jurnalistlər üçün “İstintaq sirri və media: ictimaiyyətin düzgün məlumatlandırılması prinsipləri” mövzusunda treninq təşkil olunub.

APA xəbər verir ki, tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli çıxış edərək media nümayəndələrinin istintaq sirri, informasiya təhlükəsizliyi və ictimaiyyətlə düzgün kommunikasiya sahəsində biliklərinin artırılmasının, həmçinin hüquqi çərçivədə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Treninqdə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarının media ilə əməkdaşlığının cəmiyyətin düzgün və operativ məlumatlandırılması baxımından əhəmiyyətindən danışaraq, bu istiqamətdə qarşılıqlı etimad və məsuliyyətli yanaşmanın vacibliyini vurğulayıb.

Daha sonra Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuroru Əyyub Bəşirov istintaq sirri təşkil edən məlumatların mahiyyəti, bu məlumatların vaxtından əvvəl və ya qanunsuz yayılmasının yaratdığı hüquqi və ictimai fəsadlar barədə çıxış edib.

Tədbir çərçivəsində Real TV-nin baş direktoru Mirşahin Ağayev “Azərbaycan informasiya sahəsində milli maraqlar və media” mövzusunda çıxış edərək informasiya mühitində milli maraqların qorunması, ictimai rəyin formalaşmasında medianın rolu və bu sahədə mövcud çağırışlara toxunub.

Treninq interaktiv formada keçib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Emin Şirvanzadə Baş Prokurorluq tədbir jurnalistlər

Xəbər Lenti