Şənbə, 21 Ferval, 2026
Tarix: 21 Feb 2026 11:09
Bu ilin yanvar ayı ərzində nəqliyyatçılar toplam 167 milyon 807,9 min sərnişinə xidmət göstərib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 6,8 faiz artıb.
Qeyd olunub ki, sərnişinlərin 88,8 faizi avtomobil nəqliyyatı, 10,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növlərindən istifadə edib.
Ötən ay dəmir yolu nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 856,2 min. nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur.
Dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2025-ci ilin yanvar ayına nisbətən 29,6 faiz azalaraq 1,9 min nəfər olub.
Əlavə olaraq, yanvar ayında sərnişinlərin 142 milyon 860.1 min nəfəri avtobus, 6 milyon 176 min nəfəri isə minik taksilərinin xidmətlərindən istifadə edib. Metrodan istifadə etmiş sərnişinlərin sayı 2,2 faiz azalaraq 17 milyon 595,6 min nəfər təşkil edib.
Hava nəqliyyatı ilə 318,1 min və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 5 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
İlahə Səlimova
APA-Economics sərnişin sərnişindaşıma