Şənbə, 21 Ferval, 2026
Tarix: 21 Feb 2026 13:46
Xəzər dənizində duzsuzlaşdırma zavodunun təməlqoyma vaxtı bəlli olub.
Layihənin gedişatı barədə APA-nın Türkiyə bürosuna müsahibə verən “ACWA Power” şirkətinin Türkiyə və Azərbaycan üzrə müdiri Səlim Güvən, layihənin beynəlxalq standartlara və Xəzər dənizində qüvvədə olan bütün ekoloji və sosial tələblərə uyğun şəkildə həyata keçirilməsi məqsədilə batimetriya, diffuziya və digər mühəndis-texniki araşdırmalar icra olunduğunu bildirib.
O bildirib ki, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında imzalanmış razılaşmaya əsasən inşa ediləcək duzsuzlaşdırma zavodu üzrə hazırda sahədə mühəndis-texniki tədqiqat işləri aparılır:
“Bu tədqiqatlar başa çatdıqdan sonra hazırlanmış hesabatları banklara təqdim edəcəyik. Onların təsdiqini aldıqdan sonra, təxminən üçüncü rübdə maliyyələşmənin bağlanmasını gözləyirik. Maliyyə bağlandıqdan sonra isə yenə üçüncü rübdə təməlqoyma mərasimi ilə tikinti işlərinə başlayacağıq. Planımıza uyğun olaraq, tikintinin başlanmasından 24 ay sonra ilk suyun verilməsi nəzərdə tutulur. 30-cu ayda, yəni əlavə 6 ay sonra stansiya tam gücü ilə istismara veriləcək. Birinci mərhələ – yarımstansiya – 2028-ci ilin iyun ayında istismara veriləcək. Tam gücdə fəaliyyət isə 6 ay sonra, 2028-ci ilin dekabr ayında planlaşdırılır. Beləliklə, layihə 2028-ci ildə tam istismara veriləcək və Azərbaycan Respublikasının xidmətinə təqdim olunacaq”, – deyə Səlim Güvən qeyd edib.
Dəryanur Cəfərova Xəzər dənizi duzsuzlaşdırma zavodu