Ötən ilin ikinci yarısında dövlət qurumlarına 18 DDoS hücumu olub

Tarix: 27 Feb 2026 11:08

2025-ci il ərzində “AzStateNet” şəbəkəsinə qoşulan dövlət qurumlarında təxminən 450 milyona yaxın zərərli keçidin qarşısı alınıb.

“APA-Economics” xəbər verir ki, bu fikirləri bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, daxil olan zərərli faylların analizi üçün “Sandbox” sistemi tətbiq edilir: “2025-ci il ərzində təxminən 90 minə yaxın zərərli fayl aşkarlanaraq onların son ünvanına çatmasının qarşısı alınıb. XRİTDX tərəfindən dövlət qurumlarında təxminən 50 min istifadəçini əhatə edən mərkəzləşdirilmiş antivirus sistemi qurulub. Həmin sistem vasitəsilə 6 milyona yaxın zərərli fayl aşkarlanaraq zərərsizləşdirilib. 2025-ci il ərzində müxtəlif dövlət tədbirləri və digər mühüm proseslər zamanı dövlət informasiya sistemlərinə qarşı çoxsaylı DDOS hücumları müşahidə edilib. Bu hücumlar demək olar ki, gündəlik əsasda həyata keçirilib. Ötən ilin ilin ikinci yarısında dövlət qurumlarına 1 Gbit/s və daha yüksək həcmli 18 DDoS hücumu qeydə alınıb və onların qarşısı alınıb. Mərkəzləşdirilmiş elektron poçt sistemi vasitəsilə 2025-ci ildə 17 milyondan çox məktub qəbul edilib. Bu məktublar “Sandbox” və “Antispam” sistemləri vasitəsilə analiz edilib və təxminən 5 milyona yaxın zərərli və ya şübhəli e-poçtun istifadəçilərə çatmasının qarşısı alınıb. Bu da ümumi daxil olan məktubların 41%-ni təşkil edir”.

N.Novruzov qeyd edib ki, 2025-ci il ərzində dövlət qurumlarının adından yaradılıb və “fishing” kampaniyalarında istifadə olunan 40-a yaxın saxta domen aşkarlanaraq bloklanıb.

Əşrəf Mehdiyev DDoS hücumu

Xəbər Lenti