“Narketing163” adlı qruplaşmanın Azərbaycana qarşı kiberhücum cəhdlərinin qarşısı alınıb

Tarix: 27 Feb 2026 15:41

“Narketing163” adlı qruplaşmanın Azərbaycana qarşı həyata keçirdiyi kiberhücum cəhdlərini aşkarlayaraq qarşısı alınıb.

Bu barədə "APA-Economics"ə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

ETX-nin apardığı texniki analiz və indikatorlar üzrə korrelyasiya təhlili nəticəsində qeyd olunan hücumların daha əvvəl də Azərbaycana qarşı yönəldildiyini təsdiqləyən sübutlar müəyyən edilib.

Hücum çərçivəsində bir sıra dövlət və özəl qurumlara göndərilən e-poçt məktublarında tanınmış şirkət və təşkilatların adı, loqosu və rəsmi yazışma üslubu təqlid olunub. Məqsəd istifadəçilərdə etimad formalaşdırmaq və əlavə edilmiş zərərli faylın açılmasına nail olmaqdan ibarətdir.

Kiberhücum ssenarisində diqqətçəkən əsas məqamlardan biri zərərli kodun bir hissəsinin .az domen zonasında yerləşdirilmiş resurs üzərindən yayılmasıdır. Bu üsul sosial mühəndisliyin klassik formalarından biri olmaqla texniki boşluqlardan daha çox, psixoloji manipulyasiya vasitəsilə istifadəçilərin zərərli fəaliyyəti icra etməsinə yönəlib.

Xidmətin araşdırması nəticəsində .az domen zonasında yerləşdirilmiş müvafiq resurs müəyyən edilərək operativ tədbirlər görülüb və zərərli faylın ölkə üzrə yayılmasının qarşısı alınıb.

İnsidentlə əlaqədar məlumatlar və əlavə indikatorlar ETX-nin istifadəyə verdiyi “İnsident Məlumatlarının Mübadiləsi Platforması”nda (https://misp.cert.az) paylaşılıb.

Əşrəf Mehdiyev kiberhücum

Xəbər Lenti