Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 21:16
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu, eləcə də Zeynəbiyyə Məscidi və Mədəniyyət Mərkəzinin dəstəyi ilə İstanbulda yaşayan azərbaycanlı soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iftardan əvvəl İstanbulun Sarıyer rayonunda yerləşən Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, Ulu Öndərin burada ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.
Mərasimdə Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Türkiyə Cəfərilərinin lideri Səlahəddin Özgündüz iştirak ediblər.
İftar mərasimində çıxış edən Komitə sədri Ramin Məmmədov Türkiyə ilə Azərbaycan arasında mövcud olan dərin dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək, bu əlaqələrin uğurla davam etdiyini vurğulayıb.
Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş isə İslam dünyasının bu gün üzləşdiyi problemlərdən danışaraq, davam edən müharibələrin insanlıq üçün yaratdığı faciələrə diqqət çəkib.
Çıxışçılar müqəddəs Ramazan ayında birlik, həmrəylik və milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətini xüsusi qeyd ediblər.
Qeyd edək ki, iftar proqramı 4–6 mart tarixlərində Qars və İğdır şəhərlərində də davam etdiriləcək.












