Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 03 Mar 2026 12:39
“Müdafiə haqqında” qanuna təklif olunan dəyişikliklərə aydınlıq gətirilib. APA-nın xəbərinə görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev parlamentdə qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib ki, 2011-ci il 23 dekabr tarixli “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun qüvvəyə minməsinə qədər hərbi komissarlıqlar bilavasitə Müdafiə Nazirliyinin strukturunda fəaliyyət göstərib. Qeyd edilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqinin təmin edilməsi, müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilib və onların əsasında 2012-ci il 13 fevral tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyinin tabeliyində olmayan, müstəqil mərkəzi icra hakimiyyəti orqanıdır. Bu Xidmətin fəaliyyəti və maddi-texniki təchizat qaydası Prezidentin müvafiq fərmanları, həmçinin “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə” ilə tənzimlənir. Ona görə də bu səlahiyyətlərin Nazirlər Kabinetinə aid olması normasını əks etdirən abzasın “Müdafiə haqqında” Qanunun 6-cı maddəsindən çıxarılması təklif edilir. Eyni zamanda layihədə göstərilən digər qanunlardan da "hərbi komissarlıq" sözlərinin çıxarılması təklif edilir. Ümid edirəm ki, qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi mövcud sahədə tənzimləmənin daha dəqiq və birmənalı tətbiqinə imkan yaradacaq”.
Firuzə Vahid Arzu Nağıyev Milli Məclisin Müdafiə təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri “Müdafiə haqqında” qanun