Şənbə, 7 Mart, 2026
Tarix: 06 Mar 2026 17:32
Naxçıvan aeroportuna hücumla bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına hesabat təqdim edilib.
Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Qeyd edilib ki, 5 mart tarixində İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasının “Naxçıvan” Beynəlxalq Hava Limanına, onun terminal binasına pilotsuz uçuş aparatlarının hücumları həyata keçirilib.
“Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, o cümlədən Konvensiyaya 17 nömrəli Əlavə – “Aviasiya təhlükəsizliyi” sənədinin beynəlxalq standartlarına uyğun olaraq, hava limanına qanunsuz müdaxilə aktı baş verdikdə üzv dövlət tərəfindən hazırlanmış ilkin hesabat Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) göndərilməlidir.
Beynəlxalq standartlardan irəli gələrək Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsi “ICAO”ya müvafiq ilkin hesabat göndərib.
Qeyd edək ki, martın 5-də İran dronla Naxçıvan aeroportunu vurub. Dronlardan biri aeroportun terminallarından birinə, daha bir neçə dron isə digər yerlərə düşüb. Bir dron isə Şəkərabad kənd məktəbinin yaxınlığına təsadüf edib.
Əşrəf Mehdiyev hesabat aviasiya