“QHT işi” üzrə həbs edilən şəxsə hökm oxunub

Tarix: 11 Mar 2026 15:47

“QHT işi” üzrə ittiham olunanlardan biri, sosial işçi, hüquq müdafiəçisi Zamin Zəkinin cinayət işi işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Zamin Zəkiyə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Z.Zəkinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, Zamin Zəki Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Z. Zəki 50 min manatdan artıq qanunsuz pul vəsaitini leqallaşdırmada ittiham olunur.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.

"İştirak Evi " MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.

Selcan Zaurqızı Məhkəmə hökm QHT işi

Xəbər Lenti