Cümə axşamı, 5 Noyabr, 2026
Tarix: 05 Nov 2026 00:38
ABŞ Maliyyə Nazirliyi Rusiya və Tacikistan vətəndaşı Əlişer Domullocanovu İrana qarşı sanksiya siyahısına əlavə edib.
APA xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, siyahıya Hindistanın daha dörd vətəndaşı və Hindistan, Türkiyə və Sinqapurda fəaliyyət göstərən 10 təşkilat daxil edilib.
Nazirlik bildirib ki, sanksiyalar İranın “kölgə donanması”na dəstək verən şəxslərə və qurumlara qarşı tətbiq olunur.
Onlar İran neftinin daşınmasında iştirak edən, o cümlədən İran Silahlı Qüvvələrinin adından fəaliyyət göstərən sanksiyalı gəmilərə saxta bayraqlar və sertifikatlar təqdim etməkdə, həmçinin İranın aviasiya sektoruna dəstək verməkdə ittiham olunurlar.
ABŞ Maliyyə Nazirliyi, həmçinin şirkətləri saxta bayraq altında üzən gəmiləri icarəyə götürməyin riskləri barədə xəbərdar edib.
Qurum bildirib ki, bu gəmilərin lazımi sığorta və digər sənədlərinin olmaması onların fəaliyyət göstərdiyi ölkələrə milyardlarla dollar ziyan vura bilər.
ABŞ İran sanksiya
Mənbə: apa.az