Bazar ertəsi, 16 Mart, 2026
Tarix: 16 Mar 2026 02:37
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza Lənkəran–Boradigah–Masallı magistralında, Lənkəran rayonunun Separadi kəndi ərazisində qeydə alınıb.
Belə ki, Masallı rayonunun Mahmudavar kənd sakini, 21 yaşlı Sultan İlkin oğlu Hacıyev idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarındakı iki rabitə dirəyini sıradan çıxarıb, daha sonra Ulum çayı üzərindəki dəmir körpüyə çırpılıb.
Zərbənin təsirindən körpünün dəmir konstruksiyaları zədələnib və avtomobil təxminən 20 metr hündürlükdən çaya düşüb.
Qəza nəticəsində sürücü və avtomobildə sərnişin qismində olan, onun həmkəndlisi 21 yaşlı Ümid Nicat oğlu Möhübbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ətrafdakı şəxslərin köməyi ilə onlar sudan çıxarılaraq təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Həkimlərin səylərinə baxmayaraq, Ümid Möhübbətov aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, həyatını itirən Ümid Möhübbətovun atası Nicat Möhübbətov Masallıda tanınmış həkimlərdən biridir. Ümid Türkiyədə yaşayırdı və bir müddət əvvəl vətənə qayıtmışdı.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev lənkəran