"Euronews"da Azərbaycanda avarçəkməyə həsr olunmuş reportaj yayımlanıb - VİDEO

Tarix: 27 Mar 2026 20:04

"Euronews" kanalında Azərbaycanda avarçəkmənin inkişafına həsr olunan reportaj yayımlanıb.

APA xəbər verir ki, reportajda beynəlxalq rəsmilərin kanoe və avarçəkmə müsabiqələrinin təşkili üçün məkan olaraq Azərbaycanı nəzərdən keçirdiyi bildirilir.

Reportajda qeyd olunub ki, Azərbaycanın bir neçə nöqtəsi kanoe, avarçəkmə yarışları və təlimləri üçün potensial məkan olaraq qiymətləndirilir.

Beynəlxalq rəsmilər Mingəçevir Su Anbarı, Kür çayı və Suqovuşan kimi yerlərdə olublar və buradakı infrastruktur, texniki şərait barəsində öz qiymətləndirmələrini aparıblar.

Əlavə olaraq, sözügedən idman növünün Azərbaycanda inkişafı və bununla əlaqəli tədbirlərin daha çox keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Təlim və yeni disiplinlərin dəstəklənməsi üçün əməkdaşlıq sazişi imzalanıb.

Rəsmilərin sözlərinə görə, inkişaf etmiş avadanlıq və getdikcə artan idmançı performansı gələcəkdə keçiriləcək beynəlxalq müsabiqələrə töhfə verə bilər.

Kür çayı və Mingəçevir Su Anbarının sakit və geniş su yollarına malik olduğu, buna görə də kanoe üçün ideal şərait ərsəyə gətirdiyi vurğulanır.

Azərbaycanın Milli Avarçəkmə Komandasının baş məşqçisi Vladimir Morozov qeyd edib ki, Azərbaycanda mövcud olan şərait dünyada ən yaxşıları sırasındadır.

“Burada bütün il boyu məşq etmək olar. İdman zalları, qayıqlar, lazım olan hər şey burada var. Düşünrəm ki, Dünya Çempionatına hazırlaşmaq üçün Azərbaycan əla yerdir”,- Morozov bildirib.

Beynəlxalq Kanoe Federasiyasından və digər qurumlardan olan rəsmilərin hətta postmüharibə məkanları olan Sərsəng və Suqovuşanda olduğu və şəraiti qiymətləndirdikləri qeyd olunub.

“Mən burada olan şəraitdən təsirlənmişəm. Bu yerlərin gözəlliyi mənə çox xoş təsir bağışlayıb. Əlbətdə, burada müvəqqəti avadanlıqlar və infrastruktur quraşdırılmalıdır ki, bu da öz-özlüyündə bir çağırışdır. Amma ümumilikdə, suyun keyfiyyəti və digər şərtlər çox əlverişlidir. Buralar dağlar tərəfindən mühafizə olunur. Ona görə də külək təsir edə bilmir. Düşünürəm ki, burada əlverişli mühit yaratmaq olar”,- federasiya prezidenti bildirib.

Azərbaycanın Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev “Euronews"a müsahibəsində sözügedən ərazilərdə əlverişli şərait olduğunu, eləcə də tursitlərin qalması üçün yeni otellərin açıldığını deyib. Azərbaycanda kanoe və avarçəkmənin inkişafı üçün çox böyük potensial olduğu, azərbaycanlı idmançıların Avropa miqyasında və qlobal miqyasda yarışlara qoşulduğu xüsusi qeyd edilib.

Azərbaycan və “Paddle Europe” arasında imzalanan razılaşmadan söz açılıb və bu razılaşmanın Azərbaycanda sözügedən sahənin inkişafına töhfə verəcəyi diqqətə çatdırılıb.

Əlavə edilib ki, tərəflər yeni stadionun yaradılması üzrə də razılığa gəliblər.

Azərbaycanlı və beynəlxalq rəsmilər kanoe və avarçəkmənin ölkədə daha da populyarlaşacağı, Azərbaycanın digər ölkələrlə əlaqələrinin inkişafına kömək edəcəyindən əminliklərini ifadə ediblər.

Toğrul Quluzadə euronews azərbaycan avarçəkmə

Xəbər Lenti