Çərşənbə, 1 Aprel, 2026
Tarix: 01 Apr 2026 11:06
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı ölkə çempionatında 2 qızıl medal qazanıb.
FHN-dən APA-ya verilən xəbərə görə, Azərbaycan Texniki Universitetinin idman zalında Gənclər və İdman Nazirliyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının təşkilatçılığı ilə stronqmen, stronqmen deadlift, strikt kyorl, stritliftinq və armliftinq idman növləri üzrə ölkə çempionatı keçirilib.
Çempionatda şəhər və rayonlardan, idman cəmiyyətlərindən və klublardan ümumilikdə 100-dən çox idmançı fərqli kateqoriyalar üzrə mübarizə apararaq öz qüvvələrini sınayıblar.
Yarışda 80kq çəki dərəcəsində iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı baş leytenant Rövşən Xəlilov stronqmen və stronqmen deadlift (ağırlığın yerdən qaldırılması) kateqoriyaları üzrə bütün rəqiblərini üstələyərək iki qızıl medal qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qalib Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medal ilə təltif olunub.
Qeyd edilib ki, pauerliftinq üzrə altıqat dünya və üçqat Avropa çempionu olmuş Rövşən Xəlilov Azərbaycan Respublikasının fəxri idman ustasıdır.
FHN ölkə çempionatı qızıl medal



